İdman24
Cüdo · Redaksiya

Yarım il keçdi: Cüdo Federasiyası ətrafındakı İDDİA necə nəticələndi?

2025-ci ilin dekabrında Azərbaycan Cüdo Federasiyası ilə bağlı ciddi iddialar gündəmə gəlmişdi. O zaman gənc cüdoçu Musa Hüseynli 6 aylıq maaşının federasiya tərəfindən mənimsənildiyini, problemini mediada dilə gətirdikdən sonra isə Bakıdakı zallara girişinin qadağan edildiyini bildirmişdi. İddiaya görə, idmançıya federasiyanın hazırladığı sənədə qol çəkmək üçün təzyiq göstərilir, əks halda heç bir ödəniş edilməyəcəyi deyilirdi. Musa Hüseynli həmçinin Gənclər və İdman Nazirliyinə müraciət etmişdi.

Aradan altı aydan çox vaxt keçib. Lakin ictimaiyyət həmin işin necə nəticələndiyini hələ də bilmir:

- İdmançı mənimsənildiyi iddia edilən maaşını geri ala bildimi?

- Federasiya rəhbərliyi barəsində hər hansı araşdırma aparıldımı?

- Gənclər və İdman Nazirliyi müraciətə münasibət bildirdimi?

Bu suallar hələ də açıqdır. İddialar o zaman yalnız idmançının açıqlamalarına əsaslanırdı və federasiya tərəfindən rəsmi mövqe bildirilməmişdi.

İdman24 olaraq bu işi xatırladır və Azərbaycan Cüdo Federasiyasını məsələyə aydınlıq gətirməyə dəvət edirik. Federasiya rəhbərliyi işin aqibəti barədə açıqlama vermək və ya redaksiyamıza müsahibə imkanından yararlanmaq istəsə, qapımız açıqdır. Susmağı seçsələr, bu da onların haqqıdır. Lakin idmançıların qaldırdığı suallar cavabsız qalmaqda davam edir.

Mənbə: Sonxeber.az (dekabr 2025)

İdman24 əsas səhifə