Azərbaycan cüdosunda çox təhlükəli bir səhv edilir.

Azərbaycan cüdosunda çox təhlükəli bir səhv edilir.
Yox, söhbət Hidayət Heydərovun bürünc medal qazanmasından getmir.
Söhbət ondan gedir ki, Olimpiya çempionunun karyerası səhv qərarla tamamilə başqa istiqamətə aparılır.
Doğrudur Hidayət Qingdao Grand Prisində bürünc medal qazandı. Təbriklər.
Amma hamıya maraqlı olacaq bir sual da var:
Azərbaycan millisinin hədəfi doğrudanmı Grand Pri olmalıdır?
Yox, birmənalı olaraq yox. Ümimiyyətcə Azərbaycan Cüdo millisi ranqında, səviyyəsində olan millilər Avropa Kubokları, Dünya kubokları və Qran Pri kimi səviyyəsi aşağı olan turnirlərdə iştirak etmirlər. İstisna o zaman olur ki yarış ya sənin ölkəndə, yada çox yaxın ölkələrin birində təşkil olunur. Bu yanaşma komandasına və onun ranqına hörmət qoyan bütün federasiyalar tərəfindən tətbiq olunur. Bununla belə Dünya reytinqində saysız hesabsız yarışlara uçmaqla, eyni zamanda büdcəni israf etməklə, bir neçə idmançısı ilk onluqda olsun deyə cüdoçularını okeanın o tayına, minlərlə kilometre uzağa, tam yararsız yarışlara göndərənlər də var. Baxmayaraq ki bu yarışlarda Olimpiya və Dünya çempionlarını zədə səbəbindən itirmək təhlükəsi də yox deyil.
Grand Pri isə heç vaxt Azərbaycan kimi cüdo ölkəsinin fokusu olmayıb. Hidayət kimi idmançı üçün hədəf yalnız Böyük dəbilqə, Masters, Dünya , Avropa Çempionatı və Olimpiada olmalıdır.
Ən narahatedici məqam isə medal deyil.
Hidayət 73 kq-dan 81 kq-a keçirilən anda topladığı bütün reytinq xallarını itirdi.
Bir sual verin özünüzə:
Dünyanın hansı güclü komandası Olimpiya çempionunu könüllü şəkildə nəticələrini sıfırlayır? Bununla Federasiya 73 kq da təsdiq olunmuş Olimpiya çempionunu gələcəyi bəlli olmayan istiqamətdə aparır.
Daha da vacibi...
Hamı yalnız çəkidən danışır. Amma heç kim döyüş üslubundan danışmır. Hidayət heç vaxt texnika hesabına qalib gələn cüdoçu olmayıb. Onun əsas silahı temp və dözümlülüdür. Dayanmadan işləmək. Rəqibi yorub məğlub etmək. Psixoloji üstünlük qurmaq. 73 kq-da bu silah ölümcül idi. 81 kq-da isə rəqiblər daha ağır, daha güclü və belə desək daha partlayıcı fəndlərlə seçlir. Onlar Hidayətə həmin tempi qurmağa imkan verməyəcəklər.
Problem odur ki, Hidayətin ən böyük üstünlüyü əlindən alınır.
Ən maraqlısı isə budur. ki biz bunu artıq bir dəfə yaşamışıq. Elnur Məmmədli də eyni yolu keçdi. 73 kq-dan yuxarı qalxdı. Hamının bildiyi nəticəni isə tarix yazdı.
Bəs onda sual yaranır...
Federasiya həmin səhvdən nə öyrənib?
Belə bir ciddi dəyişikliyi nə məşqçi nə də Federasiya çıxıb şərh etmir. Amma Olimpiya oyunlarında nəticə olmayanda günahı yenə də Hidayətin üstünə atacaqlar.
Heç kim Hidayətin uğursuz olmasını istəmir. Əksinə, istəyirik ki, ikinci Olimpiya qızılını qazansın. Amma emosiyalar bir təərəfə qoyaq.
Sonuncu sualı isə cüdo idman növünə bank və tikinti sahəsindən gələn cənab Rəşad Rəsulluya vermək lazımdır. Bu dəyişiklik Hidayəti Olimpiyadada qızıl medal qazanmaqdan edəcəyi halda məsuliyyət kimdədir?