Azərbaycan cüdoçuları Sarayevoda 4 medal qazanıblar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan təmsilçiləri 4 medal əldə ediblər.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Kamran Quliyev (G-10) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Sadiq Nəzirov (G-2) gümüş, Adilə Niftaliyeva (G-24) və Yusif Nəsirli (G-7) isə bürünc medal qazanıblar. Qeyd edək ki, bu yarış hər üç cüdoçunun ilk beynəlxalq turnir təcrübəsi olub.
Beləliklə, Azərbaycan komandası turniri 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.