Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər

“Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Douman İngiltərə millisinin əsas komandası ilə məşq etmək şansı qazana bilər.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel gənc futbolçunu əsas komandanın məşqlərinə cəlb etməyi nəzərdən keçirir.
Bu barədə “The Sun” məlumat yayıb.
İngiltərə yığmasında qarşıdakı UEFA Millətlər Liqası oyunları öncəsi ciddi itkilər yaranıb. Deklan Rays, Koul Palmer, Markus Reşford, Kobbi Maynu və Tino Livramento müxtəlif səbəblərdən heyətdən çıxarılıb. Onların əvəzinə Morqan Gibbs-Uayt və Ceyms Qarner yığmaya çağırılıb.
Mənbənin məlumatına görə, Tuxel hələ bu itkilərdən əvvəl ölkənin ən istedadlı gənc futbolçularını yaxından izləmək qərarına gəlmişdi. Douman hazırda İngiltərənin U-19 millisinin düşərgəsindədir və cümə günü İrlandiyaya qarşı yoldaşlıq matçında iştirak etməyə hazırlaşır.
16 yaşlı futbolçunun bu toplanışda rəsmi olaraq əsas yığmanın heyətinə daxil ediləcəyi hələ dəqiqləşməyib. Söhbət ilk növbədə onun əsas milli üzvləri ilə birlikdə məşqə cəlb edilməsindən gedir.
Qeyd edək ki, Maks Douman ötən həftə İngiltərə Liqa Kubokunda “İpsviç”ə qarşı matçda iki qol vurub. O, indiyədək İngiltərəni U-19 səviyyəsinədək təmsil edib.