4 məğlubiyyətdən sonra Montella: “3 ildə inanılmaz işlər görmüşük”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella UEFA Millətlər Liqasında İtaliyaya məğlub olduqları oyundan (1:3) sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis nəticədən narazı qalsa da, komandasının ortaya qoyduğu oyundan razı qaldığını bildirib.
“Taktiki baxımdan yaxşı oyun keçirdik. Dünya çempionatındakı uğurdan sonra gözləntilər çox yüksəldi. Təbii ki, gözləntilər artdıqca hamımız daha çoxunu istəməyə başladıq. Buna baxmayaraq, həm mənə, həm də futbolçularımıza olan sevgini hələ də hiss edirik.
Məncə, problem komandanın ümumi oyununda deyil. Futbolda qol vuranda hər şeyə başqa cür baxılır, vura bilməyəndə isə vəziyyət tam əksinə dəyişir. Bu dəfə əlimizə düşən imkanlardan yararlana bilmədik. Belə səviyyədə isə rəqib ən kiçik səhvini belə bağışlamır”.
Montella sosial şəbəkələrdə səslənən fikirlərin futbolçulara təsir etdiyini də gizlətməyib:
“İndi hamının əlində bir silah var – telefon. Orada yazılanlar futbolçulara təsir edir. Xüsusən də həqiqəti əks etdirməyən tənqidlər onları narahat edir. Bunun öhdəsindən də gəlməliyik. Mübarizəmizi davam etdirib daha yaxşı olacağıq”.
İtaliyalı mütəxəssis öz işi və Türkiyə millisindəki gələcəyi barədə də danışıb:
“Mən özümü dünyanın ən yaxşı məşqçisi hesab etmirəm. Bəlkə də bu baxımdan şanslıyam, çünki həmişə öyrənəcəyim və özümü inkişaf etdirəcəyim nələrinsə olduğunu bilirəm. Gələcəyə ümidlə baxıram və işləməyə davam edəcəyəm.
Üç il ərzində çox böyük işlər görmüşük. Bizi motivasiyada saxlayan əsas amillərdən biri futbolçularımızın fədakarlığı, mübarizəsi və gördüyü işdir. Burada olduğum üçün qürur duyuram. Müxtəlif təkliflər alsam da, Türkiyədə qalmağıma çox şadam. Çünki futbolçularımızın hər birinə sona qədər güvənirəm”.
Montella çətin dönəmdə aldıqları dəstəyə də toxunub:
“Bizi gətirən təyyarənin pilotu bizimlə nə qədər qürur duyduğunu dedi. İllər sonra onlara bu hissləri yaşatdığımız üçün bizə təşəkkür etdi. Belə insanların olduğunu gördükcə işimizi davam etdirmək üçün güc tapırıq. Bu dönəm bizim üçün üzücü keçdi, amma mən daha artığını etmək istəyirəm”.
Qeyd edək ki, Türkiyə yığması UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub.