İdman24
Digər · APA Sport

Adil Şükürovun Hakan Sünaldan fərqi - "Sumqayıt"ın məşqçisi açıqladı

“Sumqayıt” Futbol Klubunun U-15 komandasının baş məşqçisi Vüsal Əsədov “Apasport”a müsahibə verib…

- Akademiyada işləriniz necə gedir? - Şükürlər olsun ki, hər şey yaxşıdır. İnanırıq ki, daha da yaxşı olacaq. Buna böyük ümidlərimiz var. Daim üzərimizdə çalışırıq. Olduğumuz yerdə qalmaq istəmirik. Hər gün dünəndən daha bilikli olmalıyıq. Uşaqlarla çalışmaq, onlara düzgün istiqamət vermək çox önəmli və məsuliyyətli işdir.

- Hazırda çalışdırdığınız yaş qrupunun durumu nə yerdədir? - “Sumqayıt”ın U-15 komandasında fəaliyyət göstərirəm. 2012 və daha aşağı təvəllüdlü uşaqlarla çalışıram. Hazırda durum normaldır. Çatışmayan cəhətlər var. Akademiyanın direktoru Adil Şükürovla birlikdə həmin detallar üzərində çalışırıq. Bunları düzəltmək mütləqdir. İstiqamətimiz də həmin yöndədir.

- Heyətdə gələcəyi parlaq, vunderkid deyə biləcəyimiz uşaqlar var? - Bəli, istedadlı uşaqlarımız var. Adlarını qeyd edərdim, lakin bu, kiminsə xətrinə dəyə bilər. Çünki onlar hələ uşaqdırlar (gülür).

- Yay aylarında akademiyada yeni təyinat yaşandı. Akademiya direktoru postunda Adil Şükürov Hakan Sünalı əvəzlədi. Həmin mütəxəssislər arasında fərqlər nələrdir? - Adil müəllimin Azərbaycan futbolunda çox böyük təcrübəsi var. Məşqçilər korpusu olaraq ondan çox şey öyrənirik. Akademiyanın bütün yaş qruplarının məşqlərində iştirak edir. Çalışmaların bir çoxu onun nəzarəti altında keçirilir.

- Əsas komandanın durumunu necə dəyərləndirirsiniz? - Ölkə çempionatı yeni başlayıb. Komandamız iki matç keçirib. Hər iki oyun turnirin iddialı komandalarına qarşı olub. Həm “Neftçi”, həm də “Qarabağ”ın çempionluğa iddia etdiyini bilirik. “Sumqayıt”ın heyətində zədəli futbolçuların çox olduğunu da vurğulamaq lazımdır. Heyət tam deyil və bu da oyuna birbaşa təsir edir. Vəziyyətin necə olacağını zaman göstərəcək. Bizim arzumuz, niyyətimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Ümid edirik ki, buna nail olacağıq. Avrokuboklardan söz açmışkən, “Sabah” Futbol Klubunu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram.

Orijinal mənbə

İdman24 əsas səhifə