Ayxan Abbasov: “Məqsədimiz başqadır”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutub.
Apasport.az xəbər verir ki, mütəxəssis Tacikistan yığması ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb:
“Bilirsiniz, qarşıda 4 oyunumuz var. Millətlər Liqasından öncə yoldaşlıq matçımız var. İlk dəfə qısa vaxtda 4 oyunumuz olacaq. Sabah baş tutacaq oyuna gəldikdə… Son matçlarında heç-heçə ediblər. Bir çox görüşdə qələbə qazanıblar. 4-5 futbolçumuz bu gün ilk məşqinə çıxacaq. Bəziləri bizə gec qoşuldular. Bundan sonra bizi 3 ağır oyun gözləyir. Hazırlığımızı buna görə tənzimləyəcəyik. Azarkeşlərimizin önündə oynayırıq. Sabah qələbə qazanmaq istəyirik”.
- Niyə məhz Tacikistan millisi ilə yoldaşlıq görüşü keçirmək qərarına gəldiniz? - Yoldaşlıq görüşləri məcburidir. Biz D Liqasındayıq. C Liqasında turnir başlayır. Boş rəqib tapmaq olmur. Buna görə Asiya təmsilçilərinə üz tuturuq. Onlar da Bakıya gəlməyə razı oldular. Bir-birimizə yaxın komandalarıq. Yaydakı toplanışda da rəqibləri gücümüzə görə seçmişdik. Bizə də belə komandalara qarşı oynamaq lazımdır. Son 2 oyunda qol epizodlarından yararlana bilmədik. Əvvəl özümüzdən üstün komandalarla qarşılaşırdıq. Bu komandalarla matçlarda yığmamız özünə güvənərək oynamalıdır.
- Sabah əsas strategiyanız nə olacaq? - Bir oyunun səfərdə olması üstünlükdür. Litva səfəri də ağırdır. 5 saat yarım uçuşdur. Bunu 1 aydan çoxdur təhlil edirik. Mahirin komandasının təxirə salınmış matçı var. Oynasa, 10-12 matça çıxmış olacaq. Futbolçunun zədələnmək ehtimalı çoxalır. Dəyişikliklər etmək məcburiyyətindəyik. Fərqli heyətlərlə oynayacağıq. Elə futbolçular olacaq ki, 4 matçda da çıxış edəcək.
- Nərimanın hazırlıq durumu necədir? - Bütün futbolçular bizim nəzarətimizdədir. Nəriman Axundzadənin Türkiyə klubuna keçməsinə sevindik. O, “Ərzurumspor”da son vaxtlar şans qazanmır. Özü ilə də danışırıq. Legioner həyatı yaşayan futbolçularla söhbətlər edirik. O, mütləq davamlı oynamalıdır. Son görüşlərdə 1 dəqiqə belə forma geyinməyib. Onun üçün hazırda U-21 daha yaxşı variantdır.
- Şahruddin niyə dəvət edilmədi? Rəvan Səlahət Ağayevdən güclüdür? - Adlara toxunsaq, hər kəs özü namizədini irəli çəkəcək. Emil Balayev “Neftçi”də, Aydın isə “Zirə”dədir. Rəvan perspektivli gənc futbolçudur. Şahruddin Azərbaycan millisi üçün önəmlidir. Bəzi futbolçuları yığmamızda qazana bilmişik. Şahruddinə çempionatda şans verilsəydi, yığmaya cəlb edə bilərdik. Səlahət Ağayev çox yaxşı insandır. Bir neçə ildən sonra onu milli komandaya biz cəlb etdik. Onu “Qəbələ”dən dəvət etdik, şans verdik. Siyahımızda var idi. Razılaşaq ki, gənclərə şans verməliyik. Bu yolu seçmişik. Məsələn, Edqar, Oruc və s. Yeni oyunçular tapmaq lazımdır. Onların millini hiss etməsi önəmlidir. Rüfət Abbasovun keçdiyi yola baxmaq lazımdır. Onda dəyişiklikləri hiss edirdim. Rüfət hazırda millinin əsas futbolçularındandır. Gənclərə şans veririk.
Bizim məqsədimiz başqadır. Hansı komandalara getmişiksə, oradakı oyunçulara qarşı fikirlərimiz dəyişib. Məsələn, Mahir Emreli nümunəsi var. Onlar Mahirin komandanın lideri olacağından bəhs etdilər. Digər oyunçularımız barədə bizə suallar verdilər. “Bursaspor”da da olduq.
- Toral Bayramovla söhbətləriniz olub? Psixoloji durumunu necə qiymətləndirirsiniz? - Bütün klublarla sıx əlaqədəyik. Hamısına təşəkkür edirəm. Toralda adaptasiya məsələsi var. Bəzən düzgün klub seçməyə bilərlər. Bu, normaldır. Onun başqa təklifləri oldu. Seçimi Türkiyədən yana oldu. Məncə, o, səbrli olsa, “Bursaspor”da oynaya bilər. Baş məşqçinin son matçda Toralı niyə oyundan çıxartdığını anlamadım. Bəlkə də, öz millətlərinə qarşı sevgiləri çoxdur. Bayramovun sabah meydanda olmaq şansı çoxdur.
- Son 2 mövsümdə legioner həyatı yaşayan futbolçuların artmasının səbəbini nə ilə əlaqələndirirsiniz? - Təkliflərdən asılıdır. Futbolçularımıza yaxşı təkliflər oldu. “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsi digər klubların diqqətini cəlb etdi. Yaxşı təklif olanda, oyunçular dəyərləndirir. Mən gənclərin legioner həyatı yaşamasının tərəfdarıyam. Murad Məmmədov zədələnməsəydi, yığmaya cəlb edəcəkdik. “Neftçi”də az şans qazanmaqdansa, legioner həyatı yaşamaq yaxşıdır.
- Bir çox ölkələr milli komandalarına fikir vermirlər. Bizdə necədir? - Praktikada var. Bizdə isə klubların inkişafı olmasa, nəhəng klublar Azərbaycana gəlməz. Çempionatımızın zəif görünməsinin səbəbi stadionlar, işıqlandırma və azarkeşlərdir. Gəncə şəhər stadionu, məsələn. Evlər, ağaclar görünmür və fanatlar stadiona gəlirlər.
- Berti Foqtsun dönəmində sol cinah müdafiəçisi baxımından boşluq var idi. Məncə, sağ cinah müdafiəçisində də boşluq var. Bu barədə nə düşünürsünüz? - Gənclərlə bağlı limit olanda mərkəz müdafiəçiləri cinahlarda oynayırdılar. Bu gün millidə ən rəqabətsiz mövqe oradır. Tellur, Edqar, Toral var. Sol cinahda Elvin, Toral, Rüfət, Rəhman çıxış edə bilər.