İdman24
Futbol · APA Sport

Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut

UEFA bu gün keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun oyunlarından əvvəl bir dəqiqəlik sükut elan edib.

Apasport.az xəbər verir ki, qərar İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migelin faciəvi şəkildə vəfat etməsi ilə əlaqədardır.

30 yaşlı hücumçu İspaniya II Liqasında “Andorra” ilə keçirilən matçda rəqib qapıçı ilə toqquşmadan sonra ağır xəsarət alıb. Ürəyi dayanan futbolçuya tibbi müdaxilə göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, noyabrın 3-də dünyasını dəyişib.

UEFA-nın qərarına əsasən, bu həftə Çempionlar Liqası ilə yanaşı, Avropa Liqası və Konfrans Liqasının oyunlarından əvvəl də futbolçunun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyası da futbolçunun ölümü ilə əlaqədar noyabrın 3-nə nəzərdə tutulan ölkə kuboku oyunlarını təxirə salıb.

Orijinal mənbə

İdman24 əsas səhifə