İdman24
Futbol · APA Sport

Ronaldo cəzalandırıla bilər: 6 aya qədər

Portuqaliya millisində Kriştiano Ronaldo ilə bağlı gərgin vəziyyət yaranıb. Apasport.az xəbər verir ki, 41 yaşlı futbolçu UEFA Millətlər Liqasında Norveçlə görüşdən sonra komandanın düşərgəsini tərk edib. Portuqaliyanın Norveçi 2:1 hesabı ilə məğlub etdiyi matça ehtiyat oyunçular skamyasında başlayan Ronaldo ikinci hissədə isinməyə çıxsa da, meydana buraxılmayıb. Növbəti gün isə o, ehtiyatda qalan futbolçularla meydanda məşq etməyib, fərdi şəkildə zalda çalışıb. Baş məşqçi Jorje Jezuş mətbuat konfransında Ronaldo ilə bağlı problem olmadığını bildirib. Portuqaliyalı mütəxəssis futbolçunun məşqdən imtina etmədiyini və meydanda oynamamaq qərarının yalnız ona aid olduğunu vurğulayıb: “Baş məşqçi mənəm. Futbolçuya oynayıb-oynamayacağını mən deyirəm. Ona dedim ki, ehtiyatda olacaqsan. 30 dəqiqə ehtiyacım olsa, oynayacaqsan, olmasa, yox. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Kriştiano da, başqası da”. Jezuşun açıqlamasından qısa müddət sonra Ronaldo Kopenhagendəki “Parken” stadionunu tərk edib. Futbolçu daha sonra sosial şəbəkədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə danışdıqdan sonra yığmanın düşərgəsindən ayrılmaq qərarı verdiyini açıqlayıb. O, səbəbləri daha sonra ictimaiyyətə açıqlayacağını bildirib. PFF də Ronaldonun düşərgədən ayrıldığını rəsmən təsdiqləyib. Portuqaliya mətbuatında Ronaldonun intizam cəzası ilə üzləşə biləcəyi də yazılıb. FPF-nin İntizam Əsasnaməsinin 160-cı maddəsinə əsasən, yığmanın məşqini, oyununu və ya tədbirini üzrlü səbəb olmadan tərk edən futbolçu 1 aydan 6 aya qədər futboldan uzaqlaşdırıla, həmçinin pul cəzasına məruz qala bilər. Ronaldo Kopenhagendən şəxsi təyyarəsi ilə Madridə yollanıb. Portuqaliya millisi isə qarşıdakı Danimarka və Norveç oyunlarına qalan 24 futbolçu ilə hazırlaşacaq. Qeyd edək ki, Ronaldonun Portuqaliya millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, futbolçu yığma karyerasını başa vurduğunu açıqlamayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə