İdman24
Basketbol · APA Sport

İoannis Diamantakos: “Azərbaycan mühüm basketbol mərkəzinə çevrilə bilər”

Qadın basketbolu üzrə Azərbaycan millisinin baş məşqçisi, eyni zamanda bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru İoannis Diamantakos ölkədə bu idman növünün inkişafı üçün uzunmüddətli proqram həyata keçirildiyini bildirib.

Apasport.az xəbər verir ki, yunanıstanlı mütəxəssis ölkəsinin Basketbol Məşqçiləri Assosiasiyasının (SEPK) saytına müsahibəsində əsas hədəfin aşağı yaş qruplarından başlayaraq güclü milli komandalar formalaşdırmaq olduğunu vurğulayıb.

Diamantakosun sözlərinə görə, proqramın əsas məqsədlərindən biri hazırkı U-14 millisinin qarşıdakı beş il ərzində daha yüksək səviyyəyə çatması və gələcəkdə B divizionundan yüksəlməsidir.

“Əsas məqsəd indiki U-14 milli komandasının qarşıdakı beş il ərzində Azərbaycanı daha yüksək səviyyədə təmsil edə bilməsidir. Son hədəf isə B divizionundan yüksəlməkdir. Bu, səbr və sistemli iş tələb edən uzunmüddətli məqsəddir”, - deyə baş məşqçi bildirib.

Mütəxəssis qeyd edib ki, inkişaf proqramı yalnız milli komandalarla məhdudlaşmır. Qadınlar arasında daha sabit və rəqabətli ölkə çempionatının yaradılması, gələcəkdə klubların Avropa turnirlərində iştirakı, həmçinin 3x3 basketbolunun inkişafı da əsas istiqamətlərdəndir.

Onun sözlərinə görə, hazırda U-14, U-16, U-18 və U-20 milli komandalarının gündəlik məşqləri təşkil olunur. Federasiya daha kiçik yaşlı basketbolçuların hazırlanmasına da xüsusi diqqət ayırır.

Diamantakos Azərbaycanın maliyyə və təşkilati imkanlarının gələcək uğurlar üçün əlverişli şərait yaratdığını düşünür:

“Burada əhəmiyyətli iş görmək üçün lazımi şərait, istək və maliyyə potensialı var. Əsas məsələ düzgün planlaşdırma aparmaq və mövcud imkanları real irəliləyişə çevirməkdir. Ardıcıllıq və davamlılıq təmin edilərsə, Azərbaycanın gələcəkdə basketbol baxımından daha mühüm mərkəzə çevrilə biləcəyini düşünürəm”.

Baş məşqçi uğur qazanmaq üçün yalnız maliyyə imkanlarının kifayət etmədiyini də vurğulayıb. Onun fikrincə, peşəkar mütəxəssislərin iştirakı, düzgün təşkilatlanma və aşağı yaş qruplarından başlayan sistemli hazırlıq həlledici əhəmiyyət daşıyır.

“Bir idman növü bir gündə inkişaf etmir. Gündəlik əmək, düzgün təşkilatlanma, plana inanan və onu uzun müddət dəstəkləyəcək insanlar lazımdır. Məqsəd nəticə qazanmaqdır, amma bunun üçün əvvəlcə uyğun mühit yaradılmalıdır. Hazırda Azərbaycanda etməyə çalışdığımız da budur”, - deyə Diamantakos fikirlərini yekunlaşdırıb.

Orijinal mənbə

İdman24 əsas səhifə