“Qalatasaray” 15 milyonluq hücumçunu transfer etmək istəyir

Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçrənin “Sion” klubunda çıxış edən Uinsli Botelini transfer siyahısına daxil edib.
Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
“Qalatasaray” yay transfer pəncərəsində də 20 yaşlı hücumçunu heyətinə qatmağa çalışsa da, danışıqlar nəticəsiz qalıb.
Gənc futbolçu ötən mövsüm 38 matçda 11 qol vurub. Cari mövsümdə isə 16 qarşılaşmada 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Botelinin bazar dəyəri də əhəmiyyətli dərəcədə artıb. Daha əvvəl 5 milyon avro qiymətləndirilən hücumçunun hazırkı dəyəri 15 milyon avroya yüksəlib.
Lakin transferin reallaşmasına əsas maneə “Qalatasaray”ın gənc əcnəbi futbolçular üçün nəzərdə tutulan kvotasının dolu olmasıdır.
Məlumata görə, İstanbul klubu Botelini heyətinə qatmazdan əvvəl Lesli Uqoçukvu və El Şaday Bitsşiyabu ilə yollarını ayırmağı planlaşdırır.