Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər

Azərbaycan və Gürcüstan voleybol federasiyalarının rəhbərləri Tovuzda bir araya gəliblər.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının (GVF) rəhbəri David Tevzadze ilə Tovuz Olimpiya İdman Kompleksində görüşüb.
Tədbirdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, “Turan” voleybol klubunun prezidenti Fəlah Quliyev iştirak ediblər. Gürcüstan tərəfini isə baş katib İvane Şeklaşvili, inkişaf koordinatoru Andrey Lefçinko və milli komandanın baş məşqçisi Pata Ulumbulaşvili təmsil ediblər.
Görüşdə federasiyalar arasında mövcud əməkdaşlıq və gələcək inkişaf imkanları nəzərdən keçirilib. Tərəflər ölkələrində voleybolun, xüsusilə uşaq voleybolunun inkişafı istiqamətində görülən işləri müzakirə ediblər.
Bununla yanaşı, 2024-cü ildə iki federasiya arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Federasiya rəhbərləri “Turan” klubuna Çempionlar Liqasında uğurlar arzulayıblar.
Görüşdən sonra nümayəndə heyətləri “Turan”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı arenadan izləyiblər.