Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza

“Everton”un yarımmüdafiəçisi Cek Qriliş intizam qaydalarını pozduğu üçün əsas heyətdən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, İngiltərə klubu 31 yaşlı futbolçunu Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”la keçirilən qarşılaşmanın iştirak ərizəsinə daxil etməyib.
“Sky Sports”un məlumatına görə, buna səbəb Qrilişin oktyabrın 26-da komandanın məşqinə icazəsiz qatılmamasıdır. Futbolçu daha sonra məşqlərə qayıtsa da, klub rəhbərliyi onu cəzalandırmaq qərarına gəlib. İngiltərə millisinin sabiq üzvünün maddi cərimə ilə də üzləşəcəyi gözlənilir.
“Everton”un baş məşqçisi Devid Moyes qarşılaşmadan sonra qərarı dəstəklədiyini bildirib:
“Bu, klubun qərarıdır və mən onu dəstəkləyirəm. Məsələ barədə çox danışmaq istəmirəm. Klubumuzun müəyyən dəyərləri var. Bütün futbolçular həm meydanda, həm də meydandan kənarda bu prinsiplərə əməl etməlidirlər”.
Qriliş daha əvvəl də intizam problemləri ilə gündəmə gəlib. O, 2020-ci ildə “Aston Villa”da çıxış edərkən COVID-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətləri pozduğu üçün klub tərəfindən cərimələnib. Həmin il ehtiyatsız avtomobil idarə etdiyinə görə doqquz ay sürücülük hüququndan məhrum olunub.
Futbolçu “Mançester Siti”də çıxış etdiyi dövrdə də gecə əyləncələri və spirtli içki qəbulu ilə bağlı xəbərlərin mərkəzində olub.
Qriliş ötən mövsüm “Everton”un heyətində 20 oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin cari mövsümdə əvvəlki məhsuldarlığını göstərə bilməyib.
Qeyd edək ki, “Everton” Qrilişsiz çıxdığı “Nyukasl”la görüşdə 3:1 hesablı qələbə qazanaraq Liqa Kubokunun 1/4 finalına yüksəlib. Komanda növbəti mərhələdə “Flitvud Taun”la qarşılaşacaq.