İdman24
Digər · APA Sport

“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır

“Xankəndi” futbol klubunun fəaliyyətini doğma şəhərində davam etdirməsi planlaşdırılır.

Apasport.az xəbər verir ki, komandanın Xankəndiyə köçürülməsi istiqamətində hazırlıq işlərinin aparılması nəzərdə tutulub.

Klubun yaydığı məlumata görə, əsas hədəflərdən biri komandanın daimi olaraq Xankəndidə məskunlaşması və gündəlik fəaliyyətini burada təşkil etməsidir.

Hazırda şəhərdə futbolçuların və məşqçilər heyətinin daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmayıb. Bu səbəbdən komanda məşqlərini və gündəlik fəaliyyətini Bakıda davam etdirir. Futbolçular hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcəklər.

Klub rəhbərliyi şəhər nümayəndəliyi ilə əlaqələrin qurulmasını, komandanın yerləşəcəyi binanın müəyyənləşdirilməsini və müvafiq maddi-texniki bazanın yaradılmasını planlaşdırır.

İlkin plana əsasən, “Xankəndi”nin qış mövsümündən sonra doğma şəhərinə köçürülməsi nəzərdə tutulur. Lakin köçün dəqiq tarixi infrastruktur və təşkilati məsələlərin həllindən asılı olacaq.

Qeyd edək ki, klubun əsas məqsədi yalnız ev oyunlarını Xankəndidə keçirmək deyil, həm də gündəlik fəaliyyətini burada qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına töhfə verməkdir.

Orijinal mənbə

İdman24 əsas səhifə