Fərman Həsənov UFC-də ilk məğlubiyyətini aldı – Döyüş həkim qərarı ilə dayandırıldı

Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də növbəti görüşünü keçirib.
Apasport.az xəbər verir ki, 31 yaşlı idmançı ABŞ-nin Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 292” turnirində Jan-Pol Lebosnoyani ilə qarşılaşıb.
77 kq çəki dərəcəsində baş tutan döyüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.
İlk raundda fəal çıxış edən Həsənov sonradan təşəbbüsü rəqibinə verib. İkinci raundda azərbaycanlı döyüşçünün sol gözü ətrafında ciddi kəsik yaranıb.
Üçüncü raundda zədəni yoxlayan həkim Həsənovun mübarizəni davam etdirməsinə icazə verməyib. Nəticədə referi 2-ci dəqiqə 11-ci saniyədə qarşılaşmanı dayandırıb və Lebosnoyan texniki nokautla qalib elan olunub.
Qeyd edək ki, bu, Fərman Həsənovun UFC-də ikinci döyüşü və peşəkar karyerasında ilk məğlubiyyəti olub. O, iyunun 27-də Bakıda keçirilən turnirdə ABŞ təmsilçisi Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.