İdman24
Futbol · APA Sport

BATE-nin futbolçusu: "Belarusda belə stadionlar çatışmır"

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Elbasani"ni mübarizədən kənarlaşdıran BATE-nin futbolçusu Yeqor Kriss matçdan sonra "Apasport"a açıqlama verib.

Belaruslu yarımmüdafiəçi qarşılaşmanın gərgin keçdiyini bildirib: "Oyunun sonunda bütün emosiyalar meydanda qaldı. Çox gərgin və yüksək tempdə keçən matç oldu. Təəssüf ki, qolsuz heç-heçə qeydə alındı. Azarkeşlərin olmaması da oyunun ab-havasına təsir etdi. Əsas odur ki, uğurlu nəticə qazandıq. Hər iki komandanın qol imkanları var idi. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi və hər şey penaltilər seriyasında həll olundu. Həmin an hiss edirdim ki, bizim futbolçular özlərinə rəqibdən daha çox inanırlar".

Kriss növbəti mərhələ ilə bağlı da nikbin danışıb: "Biz hər oyuna fərdi yanaşırıq. İndi növbəti mərhələyə yüksəlmişik, rəqibi təhlil edib hazırlaşacağıq. Şans həmişə var. Biz hər matça qələbə qazanmaq üçün çıxırıq və bacardığımız qədər irəli getməyə çalışacağıq".

26 yaşlı futbolçu Bakıya ilk dəfə gəldiyini də söyləyib: "Bəli, Bakıya ilk dəfə gəlmişəm. Hələ şəhər mərkəzini və görməli yerləri gəzməyə imkanımız olmayıb. Biz Azərbaycan millisinin bazasında qalırıq və növbəti mərhələyə qədər Bakıda olacağıq. Düşünürəm ki, gəzməyə vaxt tapacağıq. İlk təəssüratlarım çox müsbətdir. Hava limanından şəhərə gələndə avtobusdan baxırdıq, Bakı çox gözəl şəhər təsiri bağışladı".

Kriss çıxış etdikləri stadion barədə də fikirlərini bölüşüb: "Çox gözəl stadiondur. Azarkeşlərə icazə verilsəydi, düşünürəm ki, tribunalar demək olar tam dolardı və oyunun ab-havası tamam başqa olardı. Stadion həm gözəl, həm də kompakt, əsl futbol arenasıdır. Açığı, Belarusda belə stadionlar çatışmır".

Orijinal mənbə

İdman24 əsas səhifə