"Sabah"ın növbəti uğurlu addımı: BOS seçimi

Ötən mövsüm ölkə çempionu və kubokun qalibi olaraq azarkeşlərini sevindirən “Sabah” bu uğurunu daha da inkişaf etdirərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı.
Bu uğur artıq bütün Azərbaycan futbol azarkeşlərini bir araya gətirib. Hərə bir ağızdan “Sabah” deməyə, “bayquşlar”ın sevincinə şərik olmağa başlayıb. “Qarabağ”ın ölkəmizi avrokuboksuz qoymadığı 12 illik estafeti Bakı təmsilçisi layiqincə ələ almağı bacarıb.
Yaxşı, gəlin görək, cəmi 9 yaşı olan bir komanda dünyanın bir nömrəli klub turnirindəki ev oyunlarını harada keçirəcək?
Təmsilçimiz püşkatmada “bəxtinə düşən” “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) klublarını ötən günlərdə rəsmi olaraq açıqlanan qərara əsasən Bakı Olimpiya Stadionunda (BOS) qəbul edəcək.
Əlbəttə, futbol ictimaiyyətini bir sual maraqlandırır. Sonuncu dəfə 3 il əvvəl “Qarabağ” – “Qalatasaray” matçına ev sahibliyi edən stadionun hazırkı vəziyyəti ürəkaçan deyil. Bu səbəbdən “bayquşlar”ın oyunlarının hansı şəraitdə keçiriləcəyi böyük maraq doğurur.
İldən-ilə öz adından söz etdirməyi bacaran “Sabah” Çempionlar Liqasında baş tutacaq ev matçlarının BOS-da keçirilməsi üçün xeyli çalışır. Klub rəhbərliyi bu mövzuda həm komandanın prestijini, həm də Azərbaycan futbolunun inkişafını, ölkəmizin imicini və tanınırlığını yüksəltməyi hədəfləyir.
Bakı təmsilçisi bunun üçün stadionun təmiri və ot örtüyünün əvvəlki vəziyyətinə qaytarılması məqsədilə bir sıra xarici şirkətlərlə danışıqlar aparır.
“Sabah”ın BOS-u seçməsinin digər səbəbi isə azarkeşlərdir. Hər nə qədər Azərbaycanda klublarımızı dəstəkləyən böyük bir topluluq olsa da, xarici klubların tərəfdarlığını edənlər də az deyil.
“Barselona”, “Borussiya Dortmund” və “Mançester Yunayted” kimi komandaların doğma diyar Azərbaycana, Bakıya gələcəyini eşidən minlərlə fanat bu qarşılaşmalar üçün indidən bilet axtarışına çıxıb.
68 min 700 nəfər tutumuna malik BOS-un bu oyunlar üçün əsl bayram ab-havası yaratması qaçılmazdır.
“Bayquşlar”ın BOS-u seçməsinin səbəbləri arasında, əlbəttə ki, maliyyə məsələsi də var. Komandanın bu arenadan əldə edəcəyi gəlir klubun bu yaxınlarda rəsmi olaraq açıqladığı “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” proqramının daha da böyüdülməsinə imkan yaradacaq.
Bu isə gələcəkdə bölgələrdə də böyük istedadların üzə çıxarılmasına və Azərbaycan futbolunun yeni nəsil futbolçular hesabına inkişaf etdirilməsinə şərait yarada bilər.