İdman24
Digər · APA Sport

Azər Məmmədov: “Nəticəyə görə üzr istəyirəm”

Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” – “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, ilk növbədə mütəxəssis məğlubiyyəti şərh edib:

"Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabın fərqini azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi".

Azər Məmmədov ardınca jurnalistlərin suallarını cavablandırıb:

– Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi? – Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.

– Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiniz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiniz. Bu qərar nədən qaynaqlanırdı? – Tamamilə taktiki bir dəyişiklik etdik. Rafaelin sürəti və cəldliyindən istifadə edərək evdə oynadığımız üçün matça birinci nömrə kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə bir dəyişikliyi etməli olduq.

– “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi və növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır? – Tamamilə haqlısınız, rəqiblər bizim səviyyəmizə yaxın komandalardır. Oyunçuların belə bir nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbətlər aparmalıyam. Futbolda qələbə də, məğlubiyyət də normaldır. İnanıram ki, qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik.

– Komandanın yenə çox sarı vərəqə almasının səbəbi nədir? – Futbol təmas oyunudur və sürətlənən oyunda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram.

Orijinal mənbə

İdman24 əsas səhifə