“Turan” Çempionlar Liqasına hazırlaşır – Azarkeşləri sürprizlər gözləyir

Qadın voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi hazırlıqla bağlı yenilikləri açıqlayıb.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisinin ev matçına hazırlığı geniş şəkildə davam edir.
Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklər həyata keçirilir.
Arenada infrastrukturun yenilənməsi son mərhələyə çatıb. Tribunaların görünüşünün yaxşılaşdırılması, azarkeşlərin rahatlığının artırılması və kompleksin müasirləşdirilməsi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir.
Oyun günü azarkeşlər üçün xüsusi proqram da nəzərdə tutulub.
Matçdan əvvəl açılış mərasimi keçiriləcək, zalda yeni işıq effektləri, müasir tablolar və böyük monitorlar quraşdırılacaq. Kompleksin ətrafında da müxtəlif azarkeş aktivlikləri təşkil ediləcək.
Klub qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlərlə bağlı ayrıca proqram hazırlayıb.
Tətbiq edilən yeni standartların yalnız avrokuboklarda deyil, Azərbaycan Super Liqasının oyunlarında da davam etdirilməsi planlaşdırılır.
“Turan”ın heyətinin komplektləşdirilməsi artıq başa çatıb. Komanda hazırlığını Avropada davam etdirir və burada bir neçə yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Turan” Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 20-də Tovuzda keçiriləcək.