Fiqo "7 nömrə" və Ronaldo haqda: "Ölkəni özündən üstün tut"

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Kriştiano Ronaldonun yığmadan ayrılmasından dərhal sonra onun 7 nömrəli formasının Rafael Leaoya verilməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, Fiqo Ronaldonun Portuqaliya millisində ilk illərini xatırladaraq maraqlı məqamlardan danışıb.
“Kriştianonun Portuqaliya millisində ilk illərini xatırlayıram. Bir gün məşqdən sonra yaşlı futbolçulardan bəziləri söhbət edirdi, Kriştiano isə hələ də meydanda topla məşğul idi. Baxıb dedim: ‘Bu oğlan heç içəri girmir?’ Kimsə cavab verdi: ‘Onu rahat burax. Dünyanın ən yaxşı futbolçusu olmaq istəyir’.
Mən güldüm. Kriştiano bu dialoqu eşitdi, yanımıza gəlib dedi: ‘Təkcə ən yaxşı olmaq istəmirəm. Portuqaliya üçün insanların xatırlayacağı bir şey etmək istəyirəm’. Ona dedim ki, onda çox əziyyət çəkəcəksən. Çaşqın halda mənə baxdı. Dedim: ‘Ölkən üçün oynamaq fərqlidir. İşlər yaxşı gedəndə hamı səni özününkü sayır. Pis gedəndə isə özündə güc toplayıb yenə geri qayıtmalısan. Bunun qaydası belədir’. O isə ‘Mən həmişə geri qayıdacağam’ dedi”.
Fiqo 20 ildən artıq vaxt keçdikdən sonra Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsindən və onun nömrəsinin dərhal Rafael Leaoya verilməsindən təəssüfləndiyini bildirib:
“Bu gün həmin söhbəti düşündüm. Çünki 20 ildən çox vaxt keçdikdən sonra Kriştiano nəhayət Portuqaliya millisinin düşərgəsini tərk etdi və onun nömrəsi dərhal Rafael Leaoya verildi. Məni narahat edən Portuqaliyanın Kriştianosuz davam edə bilməyəcəyi deyil. Əlbəttə, edə bilər. Məni narahat edən bunu izləyən 12 yaşlı portuqaliyalı uşaqdır. Bəlkə, o, məhz Kriştianoya görə futbol oynamağa başlayıb. Bəlkə, sahib olduğu bütün Portuqaliya formalarının arxasında 7 nömrəsi var. Bir gün həmin uşaq növbəti ulduza çevrilə bilər. Milli komandaya gələndə ona da Kriştianoya dediyimiz sözləri deyəcəyik: ‘Bu forma fərqlidir. Onun üçün fədakarlıq et. Ağrın olsa belə oyna. Nə vaxt çağırılsan, gəl. Ölkəni özündən üstün tut’.
Amma uşaqlar axmaq deyil. Futbolçular da elə. Bir gün onlardan biri heç kimin eşitmək istəmədiyi sualı verəcək: ‘Portuqaliyaya hər şeyimi verdikdən sonra bu baş verənlər nədir?’ Buna görə Kriştiano ilə yolun sonunda necə davranmağınız önəmlidir”.
Portuqaliyalı veteran illər sonra Ronaldo ilə aralarında baş tutan başqa bir söhbəti də xatırladıb:
“O vaxt artıq o, arıq, gənc oğlan deyildi. Komandanın kapitanı idi. Zarafatla dedim: ‘Portuqaliya üçün insanların xatırlayacağı bir şey edəcəyini demişdin. Düşünürəm ki, artıq bunu görüblər’. Güldü və ‘Mən hələ bitirməmişəm’ dedi. Bu, Kriştianonun Portuqaliya ilə münasibətinə çevrildi – heç vaxt bitirməmək. Turnirdə məğlub ol, geri qayıt. Tənqid olun, geri qayıt. Yaşlan, geri qayıt. İnsanlar yeni nəslin hazır olduğunu desinlər, yenə geri qayıt.
Nəhayət, nəsə baş verdi və bu dəfə geri qayıtmadı. Əşyalarını yığıb getdi. Daha sonra portuqaliyalılara bir gün ‘həqiqəti’ açıqlayacağını söylədi.
Həmin söhbətlər zamanı nə baş verdiyini bilmirəm, buna görə də nəsə uydurmaq fikrim yoxdur. Amma 20 ildən artıq davam edən münasibət belə başa çatırsa, federasiya yalnız binadan çıxıb gedən futbolçu haqqında düşünməməlidir. Onun çıxıb getməsini izləyən uşaqları da düşünməlidir.
Çünki bir gün Portuqaliya onlardan da hər şeylərini vermələrini istəyəcək. Həmin gün o uşağın Kriştiano Ronaldonu xatırlayıb ‘Hər şeyimi versəm, qədrim bilinəcək?’ deyə düşünməsini istəməzsiniz.
İllər əvvəl Kriştianoya demişdim ki, ölkən üçün oynamaq həmişə geri qayıtmaq deməkdir. Bəlkə, ona deməli olduğumuz başqa bir məqam da var idi: ölkən də sənə geri qayıtmaq üçün səbəb verməlidir”.
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk etdikdən sonra 7 nömrəli forma Rafael Leaoya verilib.