Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək

Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunacaq.
Apasport.az xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da baş tutacaq mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mərasimdə gənc idmançılar Olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.
Bağlanış mərasimində Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - Üçüncü MDB Oyunlarının qalibi, Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində üç qızıl və üç gümüş medal var. Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız hazırda bu nəticə ilə ümumi medal sıralamasındda 11-ci pillədə qərarlaşır.
Xatırladaq ki, bu gün Dakarda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın sonuncu təmsilçisi - qılıncoynadan Abbas Hüseynov mübarizəyə qoşulacaq. O, şəxsi yarışda ilk görüşünü Sinqapur təmsilçisi Eşton Auya qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.