Məhəmmədəli Osmanlı rəqibi haqda: “İlk məğlubiyyətini məndən alacaq”

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-də növbəti qarşılaşmasına iddialı hazırlaşır.
Apasport.az xəbər verir ki, 22 yaşlı idmançı onlayn mətbuat konfransında dekabrın 5-də moldovalı Pavel Andruşka ilə keçirəcəyi döyüş barədə danışıb.
Osmanlı rəqibinin güclü tərəflərinə bələd olduğunu, buna baxmayaraq, qələbə qazanacağına inandığını bildirib:
“Azərbaycana qələbə ilə qayıtmaq istəyirəm və bunu bacaracağıma inanıram. Son döyüşdə cəzalanmağım mənə mane olmur. Əksinə, bu, motivasiyamı daha da artırır. Növbəti qarşılaşmada daha diqqətli olacağam. Hazırda özümü yaxşı hiss edirəm. Rəqibim güclü idmançıdır, özünəməxsus döyüş tərzi var. Ancaq düşünürəm ki, mənə ciddi problem yarada bilməyəcək. Hazırlıq prosesində çox əziyyət çəkmişəm. Yaxşı mübarizə olacağına inanıram”.
Azərbaycan təmsilçisi öz çəki dərəcəsində ən güclü döyüşçü olduğunu da iddia edib:
“Hazırda öz çəkimdə ən yaxşı olduğumu düşünürəm. Pavel Andruşka ilk məğlubiyyətini mənimlə döyüşdə alacaq”.
Osmanlı karyerasındakı əsas məqsədini də açıqlayıb:
“Ən böyük hədəfim UFC-də çempionluq kəmərini qazanmaqdır. Bunun üçün çalışıram və qarşıma qoyduğum məqsədə çatmaq istəyirəm”.
Qeyd edək ki, Məhəmmədəli Osmanlı dekabrın 5-də UFC turnirində moldovalı Pavel Andruşka ilə üz-üzə gələcək.