İdman24
Digər · APA Sport

Fərid Namazov: “Tənqidlərə açığıq”

Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib - 0:0.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Fərid Namazovun mətbuat konfransı keçirilib.

"Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu. Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də".

- Çempionatın ən gənc baş məşqçilərindən birisiniz. İlk oyun sizin üçün necə keçdi?

- Xoş hissdir. Yaş məsələsinə fikir vermirəm. Bu səviyyəyə gəlib çıxanda yaş amili kənarda qalır, digər məşqçilərlə mübarizəyə qoşulursan. Həm özümü, həm də komandanı inkişaf etdirməyə fokuslanmışam.

- Gənc məşqçi olduğunuz üçün üzərinizdə təzyiq olacaq. Buna hazırsınız?

- 3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı bilinəcək. Rəqiblərlə bağlı şifahi məlumatlarımız var. Təzyiq olmalıdır. Tənqidlərə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan həmişə təzyiq altında olmalıdır ki, yaxşı yerlərə gəlib çıxa bilsin.

- 3 xalı əldən verdiyinizi demək olar?

- Yaxşı qol epizodlarımız var idi. Əsasən də standart vəziyyətlərdən. Bunun üzərində çox çalışırıq. Qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. "Araz-Naxçıvan"ın da qol epizodları var idi.

Orijinal mənbə

İdman24 əsas səhifə