Kaxaber Sxadadze: “Oyunların tempi artıb”

Misli Premyer Liqasının II turunda "Qəbələ" "Şamaxı"nı qəbul edib - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.
"İlk 15 dəqiqədə yaxşı oynadıq. Qol şansı yaratdıq, amma onu sona çatdıra bilmədik. Oyunun qurulmasında böyük rol oynayan futbolçular var, amma təəssüf ki, məsələn, Bruno Silva təsir göstərə bilmədi. O və digər cinah oyunçusu Meşak Uboçioma komandanın oyununu anlamağa başlamalıdırlar. Onlar oyunun tempini başa düşməlidirlər. Bunu uzun müddətdir deyirəm. Azərbaycan çempionatında oyunların tempi artıb. Sonra yenidən toparlandıq və təzyiq göstərməyə başladıq. Çoxlu qol şansı yaratdıq, amma qol vura bilmədik. Oyundakı üstünlüyümüzdən yararlana bilmədik".
- Komanda mövsümdə ilk xalını qazandı, amma hələ qol vurmamısınız. Psixoloji təzyiq var?
- Əlbəttə ki, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç matçdır ki, qol vurmamışıq. Normaldır. Bu, məşqçilər heyətinə və oyunçulara təzyiq göstərir. Amma bu gün istədiyimiz oyuna daha yaxın oynadıq.