İdman24
Futbol · APA Sport

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı” - VİDEO

"Neftçi" yeni mövsümdə geyinəcəyi formaları təqdim edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

“Əfsanə zolaqlı” adını daşıyan, 2026/27 mövsümünün ev oyun dəsti, “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, klubumuzun əfsanəvi ağ-qara zolaqlarını yenidən meydanlara qaytarır.

Klub tarixində ən çox istifadə olunan və “Neftçi” kimliyinin ayrılmaz simvoluna çevrilən zolaqlı forma yeni mövsümdən etibarən yenidən əsas ev forması kimi istifadə olunacaq.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada ağ rəngin üstünlük təşkil etdiyi klassik dizayn klubun zəngin keçmişi ilə gələcəyə olan iddiasını bir araya gətirir. Formanın boyun hissəsində “Neftçi”nin 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo yer alır. Bu detal klubun şanlı tarixini, nəsilləri birləşdirən irsini və yubiley mövsümünün ruhunu əks etdirərək formaya xüsusi məna qazandırır.

“Əfsanə zolaqlı” sadəcə yeni forma deyil. Bu forma “Neftçi”nin tarixini, kimliyini və ənənələrini gələcəyə daşıyan bir simvoldur. O, illərin xatirəsidir. Tribunaların səsi, minlərlə ürəyin eyni anda döyüntüsüdür.

Bu zolaqlar əfsanələrin çiyinlərində tarix yazıb. Kapitanların qəlbində xarakter qazanıb. Bu zolaqların arasında qələbə sevinci, kədərli anlar, yenidən ayağa qalxmaq əzmi, heç vaxt təslim olmamaq ruhu var.

Nəsillər dəyişir, stadionlar dəyişir, amma dəyişməyən bir şey qalır – kimliyimiz. O, “Neftçi” üçün irsdir, xarakterdir, bir ömürlük sevgidir. Bu gün isə tarix yenidən öz rənglərinə qayıdır.

“Əfsanə zolaqlı” – dünənimiz, bu günümüz və sabahımızdır".

Orijinal mənbə

İdman24 əsas səhifə