“Sabah” Çempionlar Liqasını yaşayır - Sadəcə zövq alın

Dünən Azərbaycan futbolu üçün növbəti tarixi gün idi. “Sabah” klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində meydana çıxdı. Özü də harada? “Old Trafford”da, “Mançester Yunayted”ə qarşı. Debüt 0:4 hesablı məğlubiyyətlə başa çatdı. Matheus Kunyanın açdığı hesabın ardından Bruno Fernandes, Benjamin Şeşko və Lisandro Martines fərqləndilər. Amma bu oyuna yalnız tablodakı dörd rəqəmin gözü ilə baxmaq düzgün olmaz.
Açığı, Çempionlar Liqasında ilk mövsümünü keçirən “Sabah”dan Mançester səfərində xal gözləmək reallıqla üst-üstə düşmürdü. Futbolda hər şey mümkündür, amma qarşıdakı rəqibin kim olduğunu, harada oynadığını və bu iki komanda arasındakı təcrübə fərqini də nəzərə almaq lazımdır.
Bununla belə, hesab açılanadək “Sabah” qorxmadı. Komanda öz cərimə meydançasının qarşısına avtobus çəkmədi, imkan düşdükcə 5-6 futbolçu ilə rəqib meydanına keçdi, hücum etməyə çalışdı. Hətta qol imkanları da yarandı. UEFA-nın oyun xülasəsində də Coy-Lens Mikelsin hesab 0:1 olarkən bərabərlik qoluna yaxın olduğu xüsusi qeyd edilir.
Amma belə rəqiblərlə oyunda bir səhvin qiyməti Azərbaycan çempionatındakı kimi olmur. Təhlükəli hücuma çıxarkən edilən lazımsız geri ötürmələr, top itkiləri, müdafiəyə keçiddə gecikmələr... Bir anda öz qapının qarşısında qol epizodu ilə üzləşirsən. “Qarabağ”ın “Tvente” ilə oyununda gördüyümüz mənzərənin oxşarını “Old Trafford”da da yaşadıq.
Əsas problem də burada idi – təcrübə. “Mançester Yunayted” pressinq altında topu necə çıxarmağı, oyunun tempini nə vaxt artırıb nə vaxt aşağı salmağı, rəqibin boşluğunu necə cəzalandırmağı çox yaxşı bilir. “Sabah” isə bunları indi ən yüksək səviyyədə, meydanın içində öyrənir. Misli Premyer Liqası ilə Çempionlar Liqası arasındakı fərqi televizordan izləmək başqa şeydir, “Old Trafford”un ot örtüyündə yaşamaq tamam başqa.
İlk qoldan sonra “Sabah” bərabərlik axtarışında daha çox irəli çıxdı. “Mançester Yunayted” də məhz bunu gözləyirdi. Müdafiə xəttində, xüsusilə mərkəzdə boşluqlar yarandı və yüksək səviyyəli futbolçular bundan rahatlıqla istifadə etdilər. Fasiləyə qədər oyun demək olar ki, həll olundu. Burada “Sabah”ın səhvləri qədər rəqibin ustalığını da qəbul etmək lazımdır.
Kahim Parris və digər hücum oyunçularının bəzi epizodlarda daha düzgün qərar verməsi mümkün idi. Müdafiədə mövqe səhvləri oldu. Topla çıxışda riskli qərarlar gördük. Bunların hamısı müzakirə olunmalıdır. Amma heç biri “Sabah”ın bütün oyunu qapısının qarşısında keçirməməsi faktını dəyişmir. Dambrauskas;n komandası böyük rəqibdən gizlənmədi.
Bəlkə də bu matçın ən böyük qazancı məhz budur. “Sabah” bundan sonra “Slaviya”, Dortmund “Borussiya”sı, “Barselona”, “Vilyarreal”, “Napoli”, “Arsenal” kimi rəqiblərlə oynayacaq. Bu səviyyədə hər 90 dəqiqə ayrıca məktəbdir. Dünən alınmayan qərar bir ay sonra alınacaq, gecikən ötürmə zamanında veriləcək, müdafiəçi mövqeyini daha düzgün seçəcək.
Bu arada “Sabah”dan daha təcrübəli komandaların Çempionlar Liqasında daha ağır hesablarla uduzduğunu da gördük. Ona görə 0:4-lük məğlubiyyəti faciəyə çevirməyə ehtiyac yoxdur. Bu turnirdə qazanılacaq hər xal böyük hadisə olacaq. Hər yaxşı oyun, hər bərabər mübarizə, hər qol ayrıca dəyər daşıyacaq.
İndi əsas məsələ budur: “Sabah”ın Çempionlar Liqasındakı oyunlarından zövq almaq lazımdır.
Azərbaycan klubu “Old Trafford”da oynayır. Qarşıda Dortmund “Borussiya”sı var, “Barselona” var, “Arsenal” var. Bir neçə il əvvəl bunları xəyal kimi danışardıq. İndi isə təqvimə baxıb hansı gün “Sabah”ın növbəti Çempionlar Liqası oyununa çıxacağını gözləyirik.
Nəticə də gələcək. Amma əvvəlcə bu səviyyənin havasını udmaq, tempinə alışmaq, səhvləri görmək və onlardan dərs çıxarmaq lazımdır.
Dünən “Sabah”a çatmayan əsas şey də məhz bu idi – təcrübə.
O da yalnız belə oyunlarla qazanılır.