Azərbaycan karateçiləri Gürcüstanda yeddi medal qazanıblar

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open 2026 - Grand Prix" beynəlxalq turnirində yeddi medal qazanıblar.
Apasport.az xəbər verir ki, yığma komanda hesabında üçüncü yeri tutub.
"Fullkontakt şinkyokuşin karate" üslubu üzrə təşkil olunan yarışda 12 ölkədən yeniyetmə, gənc və böyük yaş qrupları üzrə idmançılar mübarizə aparıblar.
Yığma yarışı bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
Böyüklər arasında Səlahət Həsənov (80 kq) qızıl, Əliqismət Həsənov və Emin İsmayıllı (hər ikisi 70 kq) isə üçüncü yeri tutublar.
Qadınların yarışında Solmaz Zeynallı (60 kq) gümüş mükafata sahib olub.
14 yaşadək idmançılar arasında Kənan Həkimzadə (45 kq) ikinci, Məhəmməd Əliyev (50 kq) isə üçüncü olub. 18 yaşadək idmançıların mübarizəsində Zəhra Kərimova (55 kq) bürünc medal qazanıb.