"Şəfa" toplanışı məğlubiyyətsiz başa vurdu

"Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.
Apasport.az xəbər verir ki, bir gün ərzində iki görüş baş tutub.
İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Görüşdəki qollara Elmir Tağıyev və Elnur Cəfərov imza atıblar.
Paralel keçirilən digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nahid Əliyev, Musa Queli və Nihad Quliyev qolların müəllifi olublar.
Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçirib.
Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.