III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub

III Beynəlxalq Xankəndi Ultramarafonunda ikinci mərhələyə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışda 6 ölkədən 97 atlet iştirak edir.
İkinci mərhələdə iştirakçılar Ağdaşdan Bərdəyədək 63,5 km məsafə qət ediblər. Kişilərin mübarizəsində Gürcüstan təmsilçisi David Xarazişvili finiş xəttini birinci keçib. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan atleti Elşad Nəsibov isə üçüncü olub.
Qadınların yarışında Ukrayna təmsilçisi Olena Şevçenko birinci, rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü yeri tutub.
Qeyd edək ki, ilk mərhələdə də David Xarazişvili və Olena Şevçenko qalib olublar.
Ümumilikdə 192 km məsafəni əhatə edən ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi təsnifatın qalibləri isə baş mükafata layiq görüləcəklər.
Yarışın əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. 380 km məsafəni əhatə edən yarışda 4 ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 atlet qatılıb.