İdman24
Futbol · APA Sport

Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb

Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsinin pərdəarxası ilə bağlı yeni iddia ortaya çıxıb. Apasport.az xəbər verir ki, “El Chiringuito”nun jurnalisti Edu Agirre bildirib ki, məsələ yalnız Ronaldonun Norveçlə oyunda 30 dəqiqə isinib meydana buraxılmaması ilə yekunlaşmayıb. Agirrenin sözlərinə görə, oyundan sonra Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jezuş və Ronaldo arasında görüş keçirilib. Həmin görüşdə Jezuş futbolçudan onu isinməyə göndərib oynatmadığı üçün üzr istəyib və ertəsi gün mətbuat konfransında bunu ictimai şəkildə də edəcəyinə, səhv etdiyini etiraf edəcəyinə söz verib. Lakin portuqaliyalı mütəxəssis mətbuat konfransında fərqli mövqe nümayiş etdirib. O, qərarları özünün verdiyini, heç bir futbolçunun fikrini dəyişdirə bilməyəcəyini və Ronaldo ilə problem yaşamadığını bildirib. Edu Agirre iddia edir ki, məhz bundan sonra Ronaldo özünü aldadılmış və xəyanətə uğramış hiss edib: “Jorje Jezuş Ronaldodan iclasda üzr istədi və bunu ictimai şəkildə də edəcəyini dedi. Amma sonra mətbuat konfransına çıxaraq tamamilə başqa şeylər danışdı. Kriştiano buna görə özünü xəyanətə uğramış hiss edir”. Bundan sonra 41 yaşlı futbolçu Portuqaliya millisinin Kopenhagendəki düşərgəsini tərk edib və şəxsi təyyarəsi ilə Madridə yollanıb. Qeyd edək ki, Portuqaliya bu gün UEFA Millətlər Liqasının III turunda səfərdə Danimarka ilə qarşılaşacaq. Ronaldo düşərgəni tərk etdiyi üçün bu görüşdə iştirak etməyəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə