“Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq

Lionel Messinin Argentina millisindəki vida matçından sonra Benin Futbol Federasiyasının narazılığına səbəb olan məqamlar üzə çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə fransalı jurnalist Romen Molina məlumat yayıb.
Məlumata görə, Benin Futbol Federasiyası Argentina ilə keçirilən yoldaşlıq görüşündə onlara göstərilən münasibətdən ciddi narazı qalıb.
Belə ki, Benin tərəfinə qarşılaşmadan əldə olunan gəlirdən heç bir pay ayrılmayıb. Federasiyaya əlavə bonus ödənişi də edilməyib.
Bundan başqa, Benin millisinin futbolçularına argentinalı oyunçularla forma dəyişməyə və xatirə şəkilləri çəkdirməyə icazə verilməyib. Qonaq komandanın üzvlərinin Argentina millisinin soyunub-geyinmə otağına daxil olmasına da şərait yaradılmayıb.
Benin millisinin baş məşqçisi Gernot Ror da bu barədə danışıb:
“Çox çalışdıq, amma argentinalılar bizə heç nə vermədilər. Nə Messi ilə şəkil çəkdirə bildik, nə də forma aldıq. Hətta bizi tunelə və soyunub-geyinmə otağına buraxmadılar. Bəzi futbolçular forma dəyişmək üçün yaxınlaşmışdılar, amma heç nə alınmadı”.
Xatırladaq ki, Benin millisinin kapitanı “Neftçi”nin futbolçusu Sessi D'Almeyda olub. Yarımmüdafiəçi qarşılaşmadan əvvəl Lionel Messi ilə görüşərək ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Argentina millisi Lionel Messinin vida matçında Beninə 3:0 hesabı ilə qalib gəlib. 39 yaşlı futbolçu son görüşündə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.