“Qalatasaray”dan bəyanat: “Sonda yenə yaxşılar qalib gələr”

“Qalatasaray” Türkiyə Super Liqasının IX turunda evdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşmadan sonra iki komandanın futbolçuları arasında kütləvi dava düşüb.
Hər iki klub hadisə ilə bağlı bəyanat yayaraq mövqeyini açıqlayıb.
Əvvəlcə “Fənərbaxça” açıqlama yayıb. Ardınca “Qalatasaray” rəqib klubun bəyanatına sərt reaksiya verib. İstanbul təmsilçisi yaydığı açıqlamada futbolçularına qarşı təxribatların olduğunu və rəqib komandanın oyunçularının idman etikasına uyğun olmayan hərəkətlərə yol verdiyini bildirib.
“Qalatasaray”ın bəyanatında deyilir:
“Ötən gün “Fənərbaxça” ilə keçirilən oyundan sonra rəqib klubun yaydığı açıqlama “Oğru ev sahibini basar” atalar sözünü bir daha xatırladır. İllərdir meydanda əldə edə bilmədikləri nəticəni əsassız iddialar və ictimai rəyin manipulyasiyası ilə kompensasiya etməyə, futbolçularımıza intizam cəzası verilməsinə nail olmağa çalışmalarını təəssüflə izləyirik.
Rəqib komandanın stadiona daxil olduğu andan nümayiş etdirdiyi davranış, oyun başlamazdan əvvəl meydanın mərkəzində etdiyi təxribatçı hərəkətlər və qarşılaşma boyu davam edən təzyiqlər hər kəsin gözü qarşısında baş verib.
Üstəlik, oyunun 10-cu dəqiqəsində rəqib komandadan bir futbolçunun meydandan qovulmalı olduğu halda, Kerem Aktürkoğlunun meydana çıxan kimi gərginlik yaratmağa başlaması və matçdan sonra baş verən hücumda əsas rol oynamasına baxmayaraq, yalnız sarı vərəqə ilə cəzalandırılması qəbuledilməz haldır.
Arçi Braunun oyun boyu nümayiş etdirdiyi kobud hərəkətlərlə kifayətlənməyərək kapitanımız Abdülkerim Bardakcıya fiziki hücum etməsi futbol meydanlarında yeri olmayan, idmanın bütün dəyərlərini tapdalayan son dərəcə ciddi hadisədir. İdman ictimaiyyətinin gözü qarşısında baş verən bu hücuma heç bir halda haqq qazandırmaq olmaz.
Mert Hakan Yandaşın isə təhlükəsizliyi təmin etməyə çalışan polis əməkdaşlarına qarşı aqressiv davranışı hadisənin ciddiliyini daha da artırıb.
Bütün bu həqiqətləri görməzdən gələrək irəli sürülən iddialarla yalnız öz azarkeşlərini aldada bilərlər. Heç kim “Qalatasaray” ailəsinin və Türkiyə idman ictimaiyyətinin bu manipulyasiya cəhdlərinə inanacağını gözləməsin.
Qarşılaşdıqları bütün təxribatlara baxmayaraq, “Qalatasaray”a yaraşan təmkinli və soyuqqanlı mövqe nümayiş etdirən məşqçilərimizi və futbolçularımızı xüsusi təbrik edirik.
Böyük “Qalatasaray” azarkeşlərinə də müraciət edirik: meydanda və meydandan kənarda qarşılaşacağımız bütün təxribatlara eyni sağlam düşüncə, qətiyyət və təmkinlə cavab verməyə davam etməliyik.
Heç bir təxribat bizi hədəflərimizdən uzaqlaşdıra bilməz. Meydanda qalib gəlmək, meydandan kənarda isə “Qalatasaray”ın böyüklüyünə yaraşan mövqeyimizi qorumaq üçün mübarizəmizi davam etdirəcəyik.
Səs-küy keçər, həqiqətlər qalar. Sonda yenə yaxşılar qalib gələr”.