Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”ı qəbul edəcək Danimarkanın “Orhus” klubunun baş məşqçisi Yakob Poulsen oyunla bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, mütəxəssis matçdan əvvəl keçirilən mətbuat konfransında rəqibi ciddi təhlil etdiklərini bildirib:
“Yaxşı hazırlaşmışıq və bizi nəyin gözlədiyini bilirik. “Sabah” çox yaxşı komandadır. Ötən mövsüm Azərbaycan çempionatında ölkənin ən güclü komandalarından hesab olunan və Çempionlar Liqasında çıxış edən “Qarabağ”ı qabaqlayaraq inamlı şəkildə çempion oldular. Deməli, bizi güclü rəqib gözləyir”.
Poulsen “Sabah”ın müdafiədə intizamlı, hücumda isə təhlükəli komanda olduğunu vurğulayıb:
“Sabah” nizam-intizamlı komandadır. Hücumda sərbəst hərəkət edən dörd futbolçusu və məhsuldar mərkəz hücumçusu var. Eyni zamanda möhkəm müdafiə xəttinə sahibdirlər və rəqiblərin qol vəziyyəti yaratmasını çətinləşdirirlər.
Adətən qarşılaşdığımız komandalardan fərqli rəqiblə oynamaq maraqlıdır. Bu, həm komanda, həm də futbolçular üçün fərdi baxımdan yeni çağırışdır”.
Qeyd edək ki, “Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab görüşü isə avqustun 11-də Bakıda təşkil olunacaq və saat 20:00-da start götürəcək.