İdman24
Futbol · APA Sport

Dünya çempionatı, yoxsa pul fabriki? FIFA üçün artıq hər şey satılıqdır

2026-cı il dünya çempionatı futbol tarixində təkcə meydandakı hadisələrlə deyil, FIFA-nın əldə etdiyi rekord gəlirlə də yadda qaldı. Şou-biznesin paytaxtı sayılan ABŞ-da təşkil olunan turnir göstərdi ki, FIFA üçün artıq dünya çempionatının demək olar ki, hər detalı gəlir mənbəyinə çevrilə bilər.

Nəticə isə təsiredicidir. Dördillik dövrün sonunda FIFA-nın ümumi dövriyyəsi 15 milyard dollara çatdı. Bu rəqəm 2022-ci il Qətər mundialından sonra əldə olunan 7,6 milyard dollarlıq dövriyyədən demək olar ki, iki dəfə çoxdur.

FIFA bildirir ki, bu vəsait üzvü olduğu 211 milli assosiasiyaya ayrılan dəstək proqramı çərçivəsində futbolun inkişafına yönəldilir. Qurum həmçinin dünya çempionatından əldə edilən əlavə gəlirlər hesabına futbolun qlobal inkişafı üçün xüsusi fond yaradıldığını vurğulayır.

Sürixdə yerləşən təşkilat bu maliyyə siyasətinin 2027-ci il prezident seçkiləri öncəsi səs toplamaq məqsədi daşıdığı ilə bağlı iddiaları qətiyyətlə rədd edir. Lakin kor-kor, gör-gör. Fakt budur ki, Canni İnfantino artıq Afrika, Asiya və Cənubi Amerika konfederasiyalarının açıq dəstəyini qazanıb.

Amma FIFA bu mundialda təkcə futbolu satmadı.

O, sözün həqiqi mənasında hər şeyi satışa çıxardı.

FİFA-nın rəsmi mağazasında finalın keçirildiyi stadionun ot örtüyündən götürülmüş bir parça 390 avroya təklif olunur. Məhsul "akril qutuda əbədi qorunan və kolleksiya üçün xüsusi USB yaddaş qurğusu ilə birlikdə təqdim olunan futbol tarixinin həqiqi parçası" kimi reklam edilir.

Bununla da kifayətlənməyən FIFA daha imkanlı kolleksiyaçılar üçün qızıl işləməli final bileti, kristal Dünya Kuboku maketi və topun miniatür nüsxəsinin daxil olduğu xüsusi paketi 2240 avroya satışa çıxarıb.

Maraqlıdır ki, bu addım Nyu-Cersi yerli hakimiyyətinin etirazlarına baxmayaraq atılıb. Çünki həmin stadionun ot örtüyünün hazırlanmasına dövlət büdcəsindən 13 milyon dollar xərclənmişdi.

Əslində isə bütün bunlar FIFA-nın qazancının ən kiçik hissəsidir.

Ən böyük gəlir – 5 milyard dollardan çox vəsait – televiziya yayım hüquqlarından əldə olunub. Turnirdə komandaların sayının 48-ə çatdırılması oyunların sayını artırdı, bu isə daha çox yayım və daha çox reklam demək idi.

Hətta matçlara əlavə olunan su fasilələri də yeni reklam imkanına çevrildi.

Hesablamalara görə, ABŞ-də yayımçı Fox yalnız həmin fasilələrdə satdığı reklamlar hesabına ingilisdilli yayım hüquqları üçün ödədiyi 485 milyon dolların yarısından çoxunu geri qaytara bilib.

Sponsorluq gəlirləri də rekord həddə çatdı. Səudiyyə Ərəbistanının enerji nəhəngi Aramco, FIFA-nın uzunmüddətli tərəfdaşları olan Adidas və Coca-Cola şirkətlərinin sırasına qoşuldu.

Bilet və VIP qonaqlama gəlirləri isə üç dəfə artaraq 3 milyard dolları ötüb.

Bunun əsas səbəbi qiymətlərin kəskin bahalaşması idi.

2026-cı il dünya çempionatının finalına ən ucuz bilet 4185 dollara satılıb. Bu, Qətərdə keçirilən 2022-ci il finalının başlanğıc qiymətindən yeddi dəfə çoxdur.

UEFA prezidenti Aleksander Çeferin buna sərt reaksiya verərək belə demişdi:

"Futbolu azarkeşlərin əlindən almayın."

O, etiraz əlaməti olaraq final matçına da qatılmayıb.

FIFA bununla da dayanmadı. ABŞ bazarına uyğun dinamik qiymətləndirmə sistemi tətbiq edildi. Üstəlik, rəsmi ikinci əl bilet platformasında həyata keçirilən hər satışdan 30 faiz komissiya tutuldu. Bu komissiyanın yarısını alıcı, yarısını isə satıcı ödədi.

Kommersiya baxımından nəticə mükəmməl idi.

104 oyun Orta hesabla 65 min tamaşaçı 99,7 faiz doluluq

Rəqəmlər FIFA-nın modelinin işlədiyini göstərir.

Amma başqa bir sual da yaranır.

Orijinal mənbə

İdman24 əsas səhifə