Vernidub “Neftçi”nin uğursuzluğundan danışdı – “Məsuliyyət tamamilə mənim üzərimdədir”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın avrokuboklarda mübarizəni dayandırmasının məsuliyyətini üzərinə götürüb.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında UEFA Konfrans Liqasında Minsk “Dinamo”su ilə keçirilən oyunları dəyərləndirib.
Vernidub ilk görüşdə 2:0 hesabı ilə önə keçdikləri halda 2:4 hesablı məğlubiyyəti hələ də izah etməkdə çətinlik çəkdiyini bildirib:
“Məsuliyyət tamamilə mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Məncə, bu məğlubiyyət daha çox psixoloji hazırlıq və mentalitetə görədir. Bizdə çatışmayan əsas amil də məhz bu oldu. Səkkizinci dəqiqədə hesabda 2:0 öndə olduğumuz halda oyunu 2:4 hesabı ilə uduzduğumuza hələ də inana bilmirəm”.
Baş məşqçi uğursuzluğun fiziki hazırlıqla bağlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, cavab görüşündə komandanın qaçış, sprint və sürətlənmə göstəriciləri ilk matçla müqayisədə daha yüksək olub. Vernidub bunu problemin əsasən psixoloji amillərdən qaynaqlandığının göstəricisi hesab edir.
Ukraynalı mütəxəssis futbolçularla arasında münaqişə yaşandığı barədə yayılan məlumatları da təkzib edib. O, komandada ab-havanın yaxşı olduğunu və “Neftçi”nin Azərbaycan çempionatına hazırlığını normal şəkildə davam etdirdiyini söyləyib.
Vernidub yay transferlərinə də münasibət bildirib. Baş məşqçi beş transfer həyata keçirildiyini, lakin Varqasın geri qayıtmasını nəzərə alaraq faktiki olaraq dörd yeni futbolçunun heyətə cəlb olunduğunu qeyd edib. O, Abbasov, Qravilyon, Qustavo Klisman və Tuptanın keyfiyyətlərinə inandığını vurğulayaraq, azarkeşləri yeni transferlər barədə bir-iki oyuna əsasən nəticə çıxarmamağa çağırıb.
“Neftçi”nin heyəti gücləndirmək istiqamətində çalışmalarını davam etdirdiyini bildirən Vernidub klubun “transfer xətrinə transfer” etmək niyyətində olmadığını da əlavə edib. Onun sözlərinə görə, əsas məqsəd komandaya real fayda verəcək yüksək səviyyəli futbolçuların heyətə cəlb olunmasıdır.
Qeyd edək ki, “Neftçi” avqustun 16-da Azərbaycan çempionatında yeni mövsümə start verəcək. Bakı təmsilçisi hazırda bütün diqqətini daxili yarışlara hazırlığa yönəldib.