“Araz-Naxçıvan”ın böyük çöküşü – 15 xal itki, 11 oyunluq qələbəsizlik və antirekord

Misli Premyer Liqasının cari mövsümündə ilk 11 turun nəticələri ötən mövsümlə müqayisədə ciddi dəyişikliklərin olduğunu göstərir. Ən böyük geriləmə isə “Araz-Naxçıvan”ın çıxışında qeydə alınıb.
"Apasport"un "Danışır rəqəmlər" rubrikasında bu dəfə Naxçıvan təmsilçisinin ötən mövsümlə müqayisədə uğursuz nəticələrini, qələbəsiz oyunlar seriyasını və azarkeş göstəricilərini təqdim edirik.
19 xaldan 4 xala – 15 xallıq geriləmə
“Araz-Naxçıvan” ötən mövsümün ilk 11 turunda 5 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə 19 xal toplamışdı. Komanda həmin vaxt turnir cədvəlinin altıncı pilləsində qərarlaşmışdı.
Cari mövsümdə isə vəziyyət tamamilə dəyişib. Naxçıvan təmsilçisi keçirdiyi 11 qarşılaşmanın heç birində qələbə qazana bilməyib. Dörd heç-heçə və yeddi məğlubiyyətlə cəmi 4 xal toplayan kollektiv sonuncu pilləyə yuvarlanıb.
“Araz-Naxçıvan” ötən mövsümün eyni dövrü ilə müqayisədə 15 xal az toplayıb və turnir cədvəlində 6 pillə geriləyib.
Hücum zəifləyib, müdafiə daha çox qol buraxıb
Komandanın uğursuzluğu qol statistikasında da özünü göstərir.
Ötən mövsümün ilk 11 turunda rəqib qapılarına 18 qol vuran “Araz-Naxçıvan” bu dəfə cəmi 11 dəfə fərqlənib. Komandanın hücum məhsuldarlığı 7 qol azalıb.
Müdafiə xəttində də geriləmə müşahidə olunur. Ötən mövsüm 17 qol buraxan Naxçıvan təmsilçisi cari mövsümün eyni dövründə 23 dəfə topu öz qapısından çıxarıb.
Nəticədə ötən mövsüm ilk 11 turdan sonra müsbət olan top fərqi (+1) bu dəfə mənfiyə (-12) çevrilib.
Dörd mövsüm sonra təkrarlanan uğursuzluq
“Araz-Naxçıvan”ın ilk 11 turda qələbə qazana bilməməsi Misli Premyer Liqasında son dörd mövsümün ən uğursuz startını təkrarlayıb.
Sonuncu dəfə 2022/23 mövsümündə iki komanda – “Sumqayıt” və “Şamaxı” ilk 11 turu qələbəsiz başa vurmuşdu.
Maraqlıdır ki, həmin vaxt hər iki kollektivin hesabında məhz 4 xal var idi.
Dörd mövsüm sonra “Araz-Naxçıvan” da eyni nəticəni göstərib. Naxçıvan təmsilçisi 11 oyunda qələbə qazana bilməyərək 2022/23 mövsümündəki uğursuz göstəricini təkrarlayıb.
Tribunada da sonuncu – 6 oyuna 2150 azarkeş
“Araz-Naxçıvan” təkcə turnir cədvəlində deyil, azarkeş sayına görə də Premyer Liqanın sonuncusudur.
Komandanın cari mövsümdə keçirdiyi 6 ev oyununu ümumilikdə 2150 tamaşaçı izləyib. Bu isə hər qarşılaşmaya orta hesabla 358 azarkeşin düşməsi deməkdir.