"Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"

Azərbaycanın qəhrəmanlıq tarixinə yazılan 44 günlük Vətən müharibəsinin üzərindən artıq 6 il keçib.
Döyüşlərdə qəhrəmancasına iştirak edənlər arasında idman ictimaiyyətinin üzvləri də az deyil.
Bunlardan biri də “offsideplus.az” saytının əməkdaşı, jurnalist Murad Şirinovdur.
Müharibədə 1 güllə, 3 qəlpə yarası alan qazimiz, qəhrəmancasına döyüşən müzəffər əsgərimiz Murad, müharibə ilə bağlı təəssüratlarını “Apasport”la bölüşüb.
O, müsahibəsində ağır keçən qəhrəmanlıq günlərini yad edib. – Artıq 6 il keçib... O günlərə qayıtsaq, müharibə ilə bağlı ümumi təəssüratların necədir?
– Müharibə elə bir hadisədir ki, onu sözlərlə tam ifadə etmək çox çətindir. Həmin günlər həm ağır, həm də qürurverici idi. Hər an həyəcan içində, nə baş verəcəyini bilmirdik. Ancaq hamımızın bir məqsədi var idi – torpaqlarımızın işğaldan azad olunması. Bu gün geriyə baxanda həmin günləri həm ağrı, həm də böyük qürur hissi ilə xatırlayıram.
– Döyüşlər zamanı hansı hissləri keçirirdin?
– İlk döyüş başlayanda, açığı, heç nə hiss etmirdim. Bu, hissiz müharibədə ilk şəhidimizi verənədək davam etdi. Tağım komandirim Nicat Atayev gözümün qarşısında minaya düşərək şəhid oldu. Onun sağ qalmaq ehtimalı var idi, sadəcə sağ qolunu itirmişdi. Lakin üzərində olan qumbaraların partlaması onun həyatına son qoydu. Müharibənin nə qədər ciddi və amansız olduğunu məhz həmin an tam şəkildə anladım.
– Hansı şəhər və rayonların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmisən?
– Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Cənab Prezident tərəfindən beş medalla təltif olunmuşam: “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medalları.
2020-ci il mayın 8-də hərbi xidmətə yollanmışam. İlk olaraq təlim keçmək üçün Ağcabədiyə göndərilmişəm. Daha sonra Füzuli rayonunun Kürdmahmudlu kəndində xidmət etmişəm. Müharibə başlayanda isə 1-ci taktiki qrupun tərkibində pulemyot tuşlayıcısı kimi döyüşlərə qatılmışam.
– 30 ildən sonra həmin torpaqlara ayaq basan ilk azərbaycanlılardan biri olmaq səndə hansı hissləri oyadırdı?
– O torpaqları uzun illər yalnız şəkillərdə və köhnə arxiv görüntülərində görmüşdüm. Həmin torpaqlarda dayanmaq insanda həm böyük qürur, həm də kövrəklik yaradırdı.
Açığı, əsgər olduğumuz və daim hərəkətdə olduğumuz üçün getdiyimiz yerlərin hansı kənd və ya ərazi olduğunu çox vaxt bilmirdik. Bildiyimiz bir şey var idi: bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq.
– Müharibə dövründə yaddaşında xüsusi iz buraxan hansısa anı və ya hadisəni bizimlə bölüşə bilərsən?
– Artıq qarşı tərəfin ikinci eşalonunu ələ keçirmişdik və 1-ci taktiki qrup olaraq növbəti hücuma hazırlaşırdıq. Su içmək və siqaret çəkmək üçün qısa fasilə vermişdik. Həmin vaxt 2-ci taktiki qrup bütün bölüyün təhlükəsizliyini təmin edirdi.
Heç gözləmədiyimiz anda havadan atılan AQS mərmisi düz mənim yanıma düşdü. Səsi eşidən kimi hamı həyəcan içində ərazidən uzaqlaşmağa başladı. Mən isə çox yorğun olduğum üçün əvvəlcə nə baş verdiyini tam anlamadım. Təxminən bir kilometrə yaxın məsafəni sürünərək qət etmiş, ikinci eşalonu bu şəkildə ələ keçirmişdik.
Həmin an sanki həyata yenidən gəldim. Mərmi düz yanıma düşsə də, partlamadı. Mərmi ermənilərin əl-üz yumaq üçün istifadə etdikləri ərazidə yaranmış palçığa düşdüyünə görə zərərsiz qaldı. Bu hadisə yaddaşımdan heç vaxt silinməyəcək.
– Qələbə xəbərini eşidəndə ilk reaksiyan necə oldu?
– Qələbə xəbərini eşidəndə 1 saylı Kliniki Tibbi Mərkəz-də idim. Gecə ağrılarım çox olduğuna görə mənə ağrıkəsici iynə vurmuş və yatızdırmışdılar. Hər şey bir anda baş verdi. Telefonum dayanmadan zəng çalmağa başladı, xəstəxananın dəhlizindən gələn səsləri eşitdim. Daha sonra mənə nəzarət edən tibb bacısı ağlayaraq otağa daxil oldu, məni qucaqladı və “Müharibə qurtardı, qalib gəldik” dedi. Əvvəlcə inanmadım. Müharibənin belə tez başa çatacağını düşünmürdüm. Bir qədər sonra otaqda həkimlərin sayı artdı. Hamı bir ağızdan qələbə qazandığımızı deyirdi. Həmin an məni qəhər boğdu. Sevinəcəyimi, yoxsa ağlayacağımı bilmirdim. Bütün hisslərim bir-birinə qarışmışdı. Bir tərəfdən şəhid olan döyüş yoldaşlarımı düşünürdüm, digər tərəfdən isə 30 illik işğalın başa çatmasının sevincini yaşayırdım...