Cavid Hüseynov: “Potensialımız daha çoxdur”

Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"Yeni mövsümün başlaması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Bir az gecikməmiz oldu, 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyıq. Başa düşürük ki, potensialımız daha çoxdur. Məşqlərdə daha yaxşı hazırlaşıb qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik".
- Qarşıda ard-arda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gəlir. Komanda bu matçlara hazırdır?
- Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq.
- "Səbail"də rəhbərliklə problem yaşamışdız. "Araz-Naxçıvan"da rəhbərliyin dəstəyini hiss edirsiz?
- Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər.
- Yaxın müddətdə "Neftçi"dəki Mamadu Kaneni görə bilərik?
- Komandaya ən son qoşulanlardan biri Kanedir. Ona görə çox da rist etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdır. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik.