İdman24
Futbol · APA Sport

Bitməsini istəmədiyimiz nağıl – "Kəpəz"

Bəzən futbolun gözəlliyini anlamaq üçün turnir cədvəlinə baxmaq kifayət etmir. Stadionun tribunalarına nəzər salmaq, azarkeşlərin reaksiyasını görmək, futbolçuların meydandakı mübarizəsini izləmək lazımdır. Bu mövsüm həmin mənzərəni ən yaxşı Gəncədə görmək mümkündür.

“Kəpəz” Azərbaycan çempionatının ən maraqlı hadisəsinə çevrilib. Doqquz oyundan sonra 17 xal, turnir cədvəlində beşinci pillə, lider “Neftçi” ilə cəmi dörd xallıq fərq... Üstəlik, komandanın ehtiyatda bir oyunu da var.

Bütün bunlar mövsümün əvvəlində “Kəpəz”dən gözlənilən nəticələr deyildi. Klubun maliyyə imkanlarını, heyətin səviyyəsini və rəqiblərin büdcəsini nəzərə alsaq, indiki göstəricilər adi uğurdan daha böyük məna daşıyır.

Amma məni nəticələrdən daha çox bu uğurun necə qazanılması maraqlandırır.

Gəncədə futbol yenidən şəhərin gündəlik həyatının mühüm hissəsinə çevrilib. “Kəpəz”in ev oyunlarında tribunaların yaratdığı atmosfer artıq çempionatın diqqətçəkən mənzərələrindəndir. Azarkeşlər komandalarının yanında sadəcə nəticə yaxşı olanda dayanmırlar. Onlar futbolçulardan mübarizə tələb edir, hər epizodu yaşayır, komandanın sonadək döyüşməsini istəyirlər. Həm də sadaladıqlarımı yalnız gənc nəsil istəmir. Yeddidən yetmişədək, bu idman növünə sevgisi olan hər bir şəxs komandadan yaxşı nəticələr gözləyir, uğurlar arzulayır.

Bu dəstəyin futbolçuya necə təsir etdiyini təsəvvür etmək çətin deyil. Xüsusilə imkanların məhdud olduğu kollektivlərdə psixoloji üstünlük bəzən fərdi ustalıq qədər əhəmiyyətli olur.

Amma burada bir məqamı xüsusi vurğulamaq lazımdır: “Kəpəz”in uğurunu yalnız azarkeş amili ilə izah etmək doğru deyil.

Azər Məmmədovun gördüyü iş ən azı tribunaların dəstəyi qədər qiymətlidir.

Baş məşqçi böyük transferlər hesabına yox, sərəncamındakı futbolçuların imkanlarından maksimum istifadə etməklə nəticə qazanmağa çalışır. Komandada intizam, mübarizə əzmi və nəticəyə hesablanmış oyun yanaşması görünür. “Kəpəz” rəqiblərinin əksəriyyətindən daha güclü heyətə malik deyil, amma meydanda özündən güclülərə qarşı müqavimət göstərə bilir.

Üstəlik, uğurlar yalnız Gəncə stadionu ilə məhdudlaşmır. “Araz-Naxçıvan” və “Şəfa” üzərində səfərdə qazanılan qələbələr göstərir ki, ortada təkcə ev atmosferinin yaratdığı üstünlük yoxdur. Komanda fərqli şəraitdə də nəticə əldə etməyi bacarır. Bütün bunlar bir sözü xatırladır: bütövləşmək.

Evdə keçirilən altı qarşılaşmanın hamısı da uğurlu olmayıb. “Şamaxı”ya böyük hesablı məğlubiyyət, “Sumqayıt” və “Zirə” ilə heç-heçələr bunun sübutudur. Yəni tribunalar hər oyunda qələbəyə zəmanət vermir. Lakin bu, hazırda klublarımızın həsrətində olduğu azarkeş dəstəyinin “Kəpəz”də mövcud olduğu faktını dəyişmir.

Məhz buna görə Azər Məmmədovun əməyini azarkeş amilinin kölgəsində qoymaq olmaz. Bu gün “Kəpəz”də baş məşqçi ilə tribuna arasında maraqlı bir vəhdət yaranıb. Bir tərəf meydanda futbolu təşkil edir, digər tərəf həmin mübarizənin arxasında dayanır.

Gəncəlilərin illərdir səsləndirdiyi bir fikir var: “Kəpəz”i gəncəli daha yaxşı başa düşər.

Əlbəttə, məşqçinin harada doğulması onun peşəkarlığını müəyyənləşdirmir. Yaxşı mütəxəssis istənilən şəhərdə uğur qazana bilər. Ancaq yerli futbol mühitini, azarkeşin gözləntilərini və klubun tarixini yaxından tanımağın üstünlük olduğunu da inkar etmək olmaz.

Azər Məmmədovun indiki işi bu baxımdan maraqlı nümunədir. O, təkcə nəticə qazanan komanda formalaşdırmır, həm də Gəncə futbolunun xarakterinə uyğun kollektiv yaratmağa çalışır. Burada azarkeş üçün gözəl kombinasiyadan əvvəl mübarizə, bahalı transferdən əvvəl klubun formasına münasibət əhəmiyyət daşıyır.

Bu münasibəti düzgün anlayan məşqçi ilə tribunanın ortaq dil tapması təəccüblü deyil.

Təbii ki, mövsümün hələ başlanğıc mərhələsindəyik. “Kəpəz”in qarşısında uzun yol var. Rəqiblərin heyət genişliyi, maliyyə imkanları və mövsüm irəlilədikcə yaranacaq fiziki yorğunluq öz təsirini göstərə bilər.

Hətta indiki beşinci pilləni qorumaq belə asan olmayacaq. Bunun üçün təkcə əzmkarlıq yox, davamlılıq da lazımdır. Məhdud heyətlə uzun mövsümdə eyni səviyyəni saxlamaq böyük sınaqdır.

Ancaq bir şeyi də unutmayaq: hər uğurlu mövsüm mütləq medalla başa çatmalı deyil.

Bəzən klub üçün ən böyük qazanc itirdiyi inamı geri qaytarmaqdır. Azarkeşin yenidən stadiona həvəslə gəlməsi, futbolçuların öz gücünə inanması, şəhərin komandasını qürurla izləməsi də nəticədir.

“Kəpəz” hazırda məhz bunu bacarır.

Şəxsən mən bu komandanın mövsümün sonunda hansı pillədə qərarlaşacağından daha çox, indiki münasibətin nə qədər davam edəcəyini düşünürəm. Çünki turnir cədvəlində mövqelər dəyişir, qələbələr məğlubiyyətlərlə əvəzlənir. Amma klubla şəhər arasında yaranan bağ daha uzunömürlü ola bilər.

Azərbaycan futbolunda azarkeş mədəniyyətindən tez-tez danışırıq. Tribunaların boş qalmasından şikayətlənirik, futbolun əvvəlki marağını itirdiyini deyirik. Gəncə isə göstərir ki, insanları stadiona qaytarmaq mümkündür. Bunun üçün azarkeş özünü klubun bir parçası kimi hiss etməlidir.

“Kəpəz”in bugünkü uğurunda Azər Məmmədovun zəhməti, futbolçuların fədakarlığı və azarkeşlərin sədaqəti bir-birindən ayrılmazdır. Bunlardan hər hansı birini çıxarsaq, mənzərə natamam qalacaq.

Bu gün Gəncədə böyük maliyyə imkanları hesabına qurulmuş futbol layihəsi görmürük. Əvəzində öz komandasına inanan şəhər, həmin inama cavab verməyə çalışan futbolçular və bu iki tərəfi meydanda birləşdirməyi bacaran baş məşqçi görürük.

Orijinal mənbə

İdman24 əsas səhifə