Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO

Azərbaycan yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını hazırlayan Avropanın ilk ölkələrindən biri olub.
Apasport.az xəbər verir ki, bu barədə Fransanın Strasburq şəhərində, Avropa Şurasında keçirilən antidopinq sahəsində iki mühüm tədbirdə məlumat verilib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 72-ci və Antidopinq Konvensiyası üzrə (T-DO) 63-cü iclaslarında iştirak edib.
T-DO-nun toplantısında 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi, milli antidopinq siyasətləri, beynəlxalq standartlar, təhsil, hüquqi məsələlər və bu sahədə əməkdaşlığın inkişafı müzakirə olunub.
İclasda AMADA-nın hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsinin WADA ilə razılaşdırılması xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya yeni Məcəllənin tələblərinə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkələrdir.
Təhminə Tağı-zadə əsas məqsədin milli qaydaların yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğunlaşdırılması olduğunu bildirib. O, sənədin hazırlanması zamanı ölkədaxili hüquqi tələblərin və mövcud normativ-hüquqi bazanın da nəzərə alındığını vurğulayıb.
Hazırlıq mərhələsində AMADA Gənclər və İdman Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi, eləcə də idman federasiyalarının nümayəndələri ilə görüşlər keçirib və geniş müzakirələr aparıb.
İclas çərçivəsində “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə işçi qrupunun (T-DO GEMA) sədri, AMADA-nın icraçı direktorunun müavini Rüfət Əfəndiyev də təqdimatla çıxış edib. O bildirib ki, hazırlanmaqda olan Tövsiyənin ilkin versiyasının cari ilin sonunadək T-DO Monitorinq Qrupuna təqdim edilməsi nəzərdə tutulur.