Dünya çempionatı: İki cüdoçumuz yarımfinalda - YENİLƏNİR

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan cüdoçuları mübarizəni davam etdirirlər.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə ölkəmizi 5 çəki dərəcəsində 6 idmançı təmsil edib.
Qızların yarışında Nərgiz Əhmədova (48 kq) ilk görüşündə çilili Mariya Valensiyanı məğlub etsə də, 1/8 finalda rusiyalı Sofiya Zaxarovaya uduzaraq mübarizəni dayandırıb. Aysun Məmmədova (52 kq) kanadalı Rima Burihana, Vüsalə Hacıyeva (57 kq) isə sloveniyalı Nika Tomtsa məğlub olub.
Xədicə Qədəşova (57 kq) isə uğurlu çıxışı ilə diqqət çəkib. O, gürcüstanlı rəqibini, italiyalı Alis Martellaçini və kanadalı Laurens Qanyonunu üstələyərək yarımfinala yüksəlib.
Oğlanların yarışında Ayxan Mirzəzadə (60 kq) ilk görüşündə kiprli Stratos Xaralampusu məğlub etsə də, 1/8 finalda gürcüstanlı Luka Omanadzeyə uduzub.
İkiqat Avropa çempionu Məhəmməd Musayev (66 kq) isə ilk görüşlərində ipponla və ne-vaza texnikası ilə qələbələr qazanıb. O, 1/4 finalda son dünya çempionu gürcüstanlı Tornike Qiqaurini də ipponla məğlub edərək yarımfinala vəsiqə əldə edib.