“Neftçi”dən son 25 ilin rekord startı

“Neftçi” Misli Premyer Liqasının ilk 5 turunda ən çox qol vuran komanda olub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu müddətdə rəqib qapılarına 15 top göndərib. Bakı təmsilçisinin orta məhsuldarlığı hər oyuna 3 qol təşkil edir.
Bu, Premyer Liqada son 12 mövsümün rekord göstəricisinin təkrarıdır. 2016/17 mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qol vurub. Daha yüksək nəticə isə sonuncu dəfə 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola imza atıb.
“Neftçi” isə XXI əsrdəki ən yüksək göstəricisinə çatıb. Komanda sonuncu dəfə 2000/01 mövsümündə ilk 5 oyunda daha çox qol vurub. Həmin vaxt paytaxt təmsilçisi 17 dəfə fərqlənib.
“Neftçi”nin hücumçusu Breno Almeyda da məhsuldarlığı ilə diqqət çəkib. Onun ilk 5 turda vurduğu 6 qol son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha çox qol vuran sonuncu futbolçu 2012/13 mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənən Junior Nildo olub. Baqali Dabo (“Qəbələ”, 2016/17) və Ramil Şeydayev (“Qarabağ”, 2022/23) də ilk 5 görüşdə 6 qol vurublar.
“Neftçi”də isə son 16 mövsüm ərzində ilk dəfə bir futbolçu ilk 5 qarşılaşmada 6 və daha çox qol vurub. Sonuncu belə göstəriciyə 2010/11 mövsümündə Bahodir Nasimov imza atıb. O, həmin vaxt ilk 5 oyunda 7 qol vurub.