ÇSKA-nın baş məşqçisi: “Bizi narahat edən çox məqam var”

ÇSKA-nın baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis mətbuat konfransında Azərbaycan çempionunun ciddi rəqib olduğunu bildirib:
“Qarabağ” çox ciddi rəqibdir, topa sahib olmağı çox sevirlər. İlk oyundakı çıxışımızı təkrarlamalıyıq. Hamımız mərhələ adlamaq istəyirik. Uğur qazandıracaq qolu vurmaq üçün daha artığını etməliyik.
Heç vaxt komandanı müdafiə və hücuma ayırmamışam. Rəqibə müqavimət göstərməli və güclü tərəflərimizi nümayiş etdirməliyik. Bütün komanda səy göstərməlidir. Heç kim oyunlarda eniş-yoxuşların olmasını istəmir, amma bu, dünyanın hər yerində baş verir. Sabitlik lazımdır.
Ceyms Eto’o “Botev”lə oyuna hazır idi, “Qarabağ”la görüşdə də hazır olacaq. Onun meydana çıxanda komandanın qələbəsi üçün əlindən gələni etməsini istəyirik. Qodoyla bağlı heç bir problem yoxdur. O, əla xarakterə malikdir və ilk oyunda var gücü ilə çalışdı. Əvəzlənməsi kart almaması üçün verilmiş qərar idi”.
Baş məşqçi “Qarabağ”ın oyununu təhlil etdiklərini də vurğulayıb:
“Hər gün eyni işi görürəm – qarşıdakı matç üçün komandanı ən yaxşı şəkildə hazırlayıram. Rəqibin ciddiliyini bilirik, buludlarda uçmuruq, ayaqlarımız yerə möhkəm dəyir. Əsas azarkeşlərin dedikləridir. ÇSKA istənilən halda irəli getməlidir.
Matçda baş verə biləcək hər şeyi nəzərdən keçirmişik. Hər şey mümkündür. Keyfiyyətlərimiz var və öz gücümüzə inanmalıyıq. İlk oyunda gördük ki, “Qarabağ”ın oyununda bizi narahat edən çox məqam var. Onların yaxşı futbolçuları, təcrübəli məşqçisi və öz oyun üslubu var. Nə etdiklərini ətraflı öyrənmişəm. Amma bizim də keyfiyyətli futbolçularımız var. Rəqibə tam uyğunlaşmalı deyilik. Sabah uğurlu ola bilərik”.
Qeyd edək ki, CSKA – “Qarabağ” oyunu iyulun 30-da Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.