İdman24
Digər · APA Sport

Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO

Azərbaycan futbolunun tanınmış siması, “Neftçi”nin veteran futbolçusu və uzun illər prokurorluq orqanlarında xidmət etmiş İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub.

Apasport.az xəbər verir ki, yubiley münasibətilə sentyabrın 23-də Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Mərasimdə Baş prokuror Kamran Əliyev, onun birinci müavini Elçin Məmmədov, müavin Heydər Məmmədov, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və digər əməkdaşlar iştirak ediblər.

Kamran Əliyev İsgəndər Cavadovu yubileyi münasibətilə təbrik edib, onun uzun illər prokurorluq orqanlarında səmərəli xidmət göstərməklə yanaşı, Azərbaycan idmanının inkişafına da mühüm töhfələr verdiyini bildirib. Xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması və idmana marağın artırılmasındakı fəaliyyəti vurğulanıb.

Digər çıxış edənlər də Cavadovun idman sahəsindəki fəaliyyətindən və gənc nəsil üçün nümunə olan həyat yolundan danışıblar.

İsgəndər Cavadov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmasını xüsusi qeyd edib, həmçinin prokurorluq veteranlarına göstərilən diqqət və hörmətə görə minnətdarlığını ifadə edib.

İsgəndər Cavadov Azərbaycan futbolunda daha çox “Neftçi”dəki çıxışları ilə tanınıb. Hücumçu 1977-ci ildə Bakı klubunun əsas komandasında debüt edib, sonradan kapitan sarğısını daşıyıb. O, “Neftçi”də ümumilikdə 12 mövsüm ərzində 303 oyun keçirib və 61 qol vurub. SSRİ çempionatının yüksək liqasında 53 qola imza atan Cavadov həmin dövrün 100 ən məhsuldar futbolçusu sırasına düşüb.

Veteran futbolçu karyerası ərzində Moskva “Dinamo”sunda da çıxış edib və bu klubun heyətində UEFA Kubokunda qol vurub. Cavadov “Neftçi”nin heyətində SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzlənmədən keçirməklə klub rekorduna da imza atıb.

Qeyd edək ki, futbolçu karyerasını başa vurduqdan sonra hüquq sahəsində fəaliyyət göstərən İsgəndər Cavadov sonrakı illərdə də Azərbaycan futbolundan uzaqlaşmayıb. O, AFFA İcraiyyə Komitəsinin üzvü olub və Regional Futbol Federasiyasına rəhbərlik edib.

Orijinal mənbə

İdman24 əsas səhifə