İdman24
Digər · APA Sport

Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına əsas mərhələdən başlayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Final mərhələsi 2027-ci ildə Qazaxıstanda keçiriləcək yarışın püşkatma mərasimi oktyabrın 2-də, saat 16:30-da keçiriləcək.

Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər.

Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.

Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq.

Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.

Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki “Jekpe-Jek Hall”da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq.

1-ci səbət (ev sahibi): Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)

2-ci səbət (qrupunun 1-cisi): İspaniya, Ukrayna, Fransa, Çexiya

3-cü səbət (qrupunun 2-cisi): Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 3-cüsü): Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə

5-ci səbət (qrupunun 4-cüsü): Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi

Orijinal mənbə

İdman24 əsas səhifə