Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya futbolunda hakim qərarları ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, belçikalı qolkiper Madrid təmsilçisinə qarşı qərəzli sistemin olduğuna inanmadığını, lakin bəzi qərarların anlaşılmaz göründüyünü bildirib.
“Burada hansısa "qara əl"in olduğunu düşünmürəm. Mən o qədər də pis düşüncəli deyiləm. Sadəcə, başqa meydanlarda qeydə alınan bəzi epizodlar bizim oyunlarda qeydə alınmır. Bəzən bizə qarşı fit çalınır, amma eyni vəziyyət bizim xeyrimizə olmur. Ən çox anlamadığım budur: bizə bir şeyi izah edirlər, bir həftə sonra isə tam əksini edirlər”, – deyə Kurtua “Marca”ya açıqlamasında bildirib.
Mövzu son Madrid derbisindən sonra yenidən aktuallaşıb. “Atletiko”nun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Din Huysen qırmızı vərəqə alıb, “Real” isə bir sıra digər epizodlarda hakim qərarlarından narazı qalıb.
Qeyd edək ki, “Real” TV də derbidən sonra hakimliyi açıq şəkildə tənqid edib.