İdman24
Gimnastika · APA Sport

Gimnastika üzrə ölkə birinciliklərinə start verilib

Oktyabrın 27-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyinə start verilib.

Apasport.az xəbər verir ki, iki gün davam edəcək yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə mübarizə aparırlar.

Yarışın ilk günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr arasında qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər balans hərəkətləri proqramında çıxış ediblər.

Aerobika gimnastikası üzrə isə kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qadın və kişi gimnastlar fərdi proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Günün sonunda aerobika gimnastikası üzrə gənclər arasında qadınların fərdi yarışında qaliblər müəyyənləşib. Milli komandanın üzvləri fəxri kürsünün hər üç pilləsini tutublar. Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan Məlikova isə bürünc medal qazanıb.

Qeyd edək ki, ölkə birincilikləri oktyabrın 28-də növbəti yarış proqramları ilə davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə