Dünya çempionatı: Cüdoçularımız tatamiyə çıxır - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün üçüncü yarış gününün görüşləri baş tutacaq.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycanı iki çəki dərəcəsində ümumilikdə 3 cüdoçu təmsil edəcək.
Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova mübarizəyə 1/32 finaldan başlayacaq. Onun ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olacaq.
Kişilərin -73 kq çəki dərəcəsində Hidayət Heydərov da ilk görüşünü 1/32 finalda keçirəcək. Olimpiya çempionunun rəqibi kosovolu Akil Qyakova olacaq.
Eyni çəkidə mübarizə aparan Rəşid Məmmədəliyev isə yarışa 1/16 finaldan qoşulacaq. O, Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.
Üçüncü yarış gününün təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal qarşılaşmalarının yer aldığı final blokuna isə saat 18:00-da start veriləcək.
Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakı-2026 dünya çempionatının biletləri “iTicket.az” platformasında satışdadır.