İdman24
Digər · APA Sport

“Sumqayıt”ı bu günə kim saldı? - İdarəçilik fiaskosu

Misli Premyer Liqasında IV tur arxada qalıb, “Sumqayıt” isə hələ də xal üzünə həsrətdir. Komanda II turda “Sabah”la oyunu təxirə salındığı üçün indiyədək üç matç keçirib: “Neftçi”yə 1:3, “Qarabağ”a 0:1, son olaraq isə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub. Üç oyun, üç məğlubiyyət, vurulan 2, buraxılan 6 qol və sıfır xal. “Sumqayıt” hazırda turnir cədvəlinin sonuncusudur.

İlk üç rəqibin iddialı olması səbəb kimi də göstərilə bilər, bəhanə kimi də. “Neftçi”, “Qarabağ”, “Turan Tovuz” – asan təqvim deyil. Amma elə “Turan Tovuz”dan xal almaq mümkün idi. “Kəpəz” bunu bacarıb, “Şamaxı” da. Üstəlik, növbəti turda rəqib “Şamaxı”dır. Yəni bundan sonra təqvim söhbəti də bitir.

Amma “Sumqayıt”ın əsas problemi üç məğlubiyyət deyil. Problem illərdir davam edən və artıq adiləşən idarəçilik modelidir.

Demək olar, hər yay eyni mənzərəni görürük: 10-15 futbolçu göndərilir, onların yerinə bir o qədər yenisi gətirilir. Legionerlər dəyişir, baş məşqçi dəyişir, oyun fəlsəfəsi dəyişir, mövsüm başlayanda isə klub yenə “yeni komanda qururuq” mərhələsində olur. Bir klub neçə il ardıcıl yenidən qurula bilər?

Bu qədər transferin içində neçə futbolçu həqiqətən “Sumqayıt”a dəyər qatıb? Neçəsi bir ildən sonra sakitcə yola salınmayıb? Hər dəfə uğursuz legioneri göndərib yerinə başqa yarıtmaz legioner gətirmək seleksiya deyil. Sadəcə səhvi başqa səhvlə əvəz etməkdir. Hazırkı “Sumqayıt” da bəzi futbolçuların fərdi bacarıqları hesabına nəsə etməyə çalışan komanda təsiri bağışlayır. Müdafiə etibarlı deyil, sürətli və sərt oyuna davamlılıq görünmür, qapıçı mövqeyi sual doğurur, meydanda sistemli məşqçi işi hiss olunmur. Amma bütün bunların məsuliyyətini yalnız futbolçuların və Filipe Kandidonun üzərinə atmaq çox rahat olardı.

Baş məşqçi məsələsi eyni. Hər il başqa məşqçi, başqa yanaşma, başqa heyət. Sonra nəticə gəlməyəndə ən rahat variant tapılır: məşqçini dəyiş. Amma Riad Rəfiyev, sən illərlə məşqçi dəyişirsən və problem dəyişmirsə, deməli, bu gün başını məşqçi skamyasından qaldırıb öz kreslona baxmağın lazımdır.

Ya da “Şamaxı”ya baxın. Deməli, daha məhdud imkanlarla meydana müəyyən fikir, təşkilatlanma və xarakter qoymaq mümkündür. Deməli, məsələ təkcə büdcənin böyüklüyündə deyil. Əsas məsələ pulu kimə xərclədiyin, futbolçunu hansı sistem üçün gətirdiyin və klubun sabahını necə planlaşdırdığındır.

“Sumqayıt” üçün məğlubiyyət limiti ilkin mərhələdə artıq dolub. Əgər bu mövsümün sonunda iş daha ağır nəticəyə – elitadan düşməyə qədər gedib çıxsa, bu dəfə bir məşqçini yola salıb, 15 futbolçunu dəyişməklə məsələni bağlamaq mümkün olmayacaq.

Çünki illərlə eyni şeyi edib fərqli nəticə gözləyən futbolçu deyil.

Rəhbərlikdir. Allah göstərməsin, sonluq aşağı liqaya düşməklə nəticələnsə, həmin rəhbərlik böyük bir şəhərin qarşısında cavab verməli olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə