İdman24
Digər · APA Sport

Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə yeniyetmələr arasında “Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.

Apasport.az xəbər verir ki, “The National Azerbaijan Golf Club”un təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.

Turnir beynəlxalq yeniyetmələr qolf düşərgəsinin yekun tədbiri kimi baş tutub. 10 gün davam edən düşərgə çərçivəsində idmançılar birgə məşqlər keçirib, təcrübə mübadiləsi aparıb və milli federasiyaların baş məşqçilərinin rəhbərliyi altında bacarıqlarını təkmilləşdiriblər.

Yarışın qaliblərinin mükafatlandırılması mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, o cümlədən səfirlər, dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Caspian Junior Cup 2026”nın əsas məqsədi uşaq və yeniyetmə qolfunun inkişafına dəstək olmaq, ölkələr arasında idman əlaqələrini gücləndirmək və Azərbaycanın beynəlxalq qolf arenasında tanıdılmasına töhfə verməkdir.

Qeyd edək ki, turnirin keçirilməsi Azərbaycanda qolf idmanının inkişafı baxımından mühüm addım hesab olunur və region ölkələrinin gənc idmançılarını bir araya gətirən yeni beynəlxalq platformanın əsasını qoyur.

Orijinal mənbə

İdman24 əsas səhifə